Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi! – “Blinken də bunu başa salır”

ABŞ Dövlət katibi Entoni Blinken Brüsselə səfər edib. Dövlət katibinin sözçüsü Ned Prays bu barədə "Twitter"də məlumat verib. Onun sözlərinə görə, E.Blinken Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşərək müttəfiqlərin Ukraynaya dəstəyini və  Alyansın Rusiya təcavüzünün qarşısını almaq üçün uzunmüddətli planlarını müzakirə edəcəklər”.

Səfərin gizlinlərini “Sherg.az”a şərh edən politoloq Natiq Miri söyləyib ki, indi ABŞ Ukraynada gedən müharibə səbəbindən Avropa ölkələri arasında yaradılmış birliyin sona qədər pozulmamasında maraqlıdır:

“Çünki artıq  bu məsələ ilə bağlı Avropada müəyyən narazılıqlar yaranmağa başlayıb.  Rusiya ilə danışıqlar mövzusu əsas müzakirə predmetidir. Bu da artıq Avropanın rəsmi Moskvaya güzəştli mövqeyindən xəbər verir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa Birliyi  ölkələri həqiqətən də iqtisadi yöndə məhduddiyyətlərlə üzləşib, zərər görüb. Paralel olaraq, enerji daşıyıcıları baxımından AB-nin problemləri yaranmağa başlayıb. Qarşıdan qış fəsli gəlir. Bu qış aylarında Rusiya Avropa ölkələrinə verdiyi qazı tamamilə kəsərsə, həmin ölkələrdə əhali üçün ciddi problemlər yaranacaq. Bir sıra sosial etirazlar başlayacaq. 

Ona görə ABŞ qabaqlayıcı  tədbirlərlə mövcud birliyin pozulmasını önləmək istəyir.  Düşünür ki, Avropa Birliyi ölkələri indiyə qədər göstərdiyi fədakarlıqları davam etdirməlidir. Artıq Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi çox yaxındır. Göründüyü kimi Ukrayna ordusu ölkənin cənubunda Xerson və Xarkov istiqamətində müəyyən uğurlu hərbi əməliyyatlar keçirərək işğalda olan min kvadrat kilometrdən artıq ərazini azad edib.  İki şəhər təmizlənib. 

Bu da müharibədə dönüş nöqtəsinin yarandığına çox ciddi bir işarədir. Belə bir məqamda Avropa Birliyinin Ukrayna ətrafında yaratdığı böyük bir birliyin pozulması, əlbəttə, Rusiyanın mövqelərini gücləndirər, bilavasitə onun siyasətinə xidmət edər. Düşünürəm ki, Blinkenin Avropa ölkələrinə başa salmaq istədiyi əsas mövzu budur”.

N.Miri onu da əlavə edib ki, yaxın zamanda Almaniyada yenidən Ukraynaya yardım edən ölkələrin görüşü olacaq:

“Burda da Ukraynaya indiki əks-hücum vəziyyətində lazım olan silahlar və yardımlar müzakirə ediləcək. Analoji məsələlər də hazırda həm Qərb, həm Ukrayna, həm də digər ölkələr üçün vacibdir”.