Rusiya “son kartlarını” oynayır

"Rəsmi Moskva "referendum"lar yolu ilə Ukraynanı və onlara dəstək verən Qərbi geri çəkilməyə məcbur etmək istəyir”


“Lakin Kreml atdığı bütün addımlarla düşdüyü böhranı daha da dərinləşdirir"

  "Donetsk və Luqansk xalq respublikaları”nda, həmçinin Ukraynanın Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşməklə bağlı “referendum”un ilkin nəticələri açıqlanıb. Seçicilərin əksəriyyəti Rusiya Federasiyasına qoşulmağa səs veriblər. Dövlət Dumasının təhlükəsizlik komitəsinin rəhbəri Anatoli Vıbornı etiraf edib ki, bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı "referendumlardan" sonra “yeni subyektlərdə” antiterror əməliyyatı rejimi tətbiq oluna bilər. Kremlin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini "azad etmək" lazımdır.

Putinin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bundan xəbərim yoxdur. Hər halda bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər". Peskov keçirilmiş "referendumlarla" bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib. Dumanın spikeri Vyaçeslav Volodin bildirib ki, parlament "referendumlar"ın nəticələrinə dair qərarların qəbulu üçün iş planına düzəliş etməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazilərində keçirilən referendumlardan sonra Rusiya ilə danışıqların mümkünsüz olacağını bildirib. Avropa İttifaqı Rusiyanın keçirdiyi “referendum”un nəticələrini tanımayıb. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel seçkiləri saxta adlandırıb: "Nəticələri tanımırıq. Saxta referendum. Saxta nəticələr. Biz də tanımırıq”.

  Qondarma "seçkilərlə" bağlı "Şərq"ə danışan politoloq Natiq Miri deyib ki, "referendumlar"da məqsəd Rusiyanın Ukraynanın əks-hücum fəaliyyətini dayandırmaq istəyir. Analitik bildirib ki, rus ordusu çox çətin vəziyyətə düşüb: 

"Rus ordusu çox strateji yerlərdə, Xersonda və liman şəhərində əməliyyat mühasirəsinə düşmüş vəziyyətdədir. Bu da minlərlə rus əsgərinin təslim olması, ya da məhv edilməsi anlamına gəlir. Perspektivdə Xersonun, Donetskin və Mariopul kimi iri şəhərlərin azad edilməsi də görünür. Bu ərazilər azad olunduğu təqdirdə Ukrayna qoşunları Krımın sərhədlərinə dayanacaq. Hadisələrin belə cərəyan etməsi Rusiyanın məğlubiyyətindən xəbər verir. Ukraynaya qarşı "xüsusi əməliyyat" adı ilə başladılan müharibə məğlubiyyətlə sona çatmaqdadır. Səfərbərliyin və "referendumun" ortaya çıxmasının əsas səbəblərindən biri budur. Rusiya bəzi əraziləri ilhaq edəndən sonra həmin bölgələrə hərbi müdaxilənin Rusiya ərazisinə təcavüz sayılacağını açıqlayıb. Prezident Vladimir Putin bəyan edib ki, ölkəsinə qarşı hansısa xarici təcavüz olarsa, nüvə silahından istifadə olunacaq. Putin nüvə silahı ilə Ukraynaya və Qərbə təzyiq göstərmək niyyətindədir". 

  N.Mirinin qənaətincə, Rusiya əlindəki son vasitələri də dövriyyəyə buraxıb:  "Moskva "referendum"lar yolu ilə Ukraynanı və onlara dəstək verən Qərbi geri çəkilməyə məcbur etmək istəyir. Putinin sözçüsü D.Peskov deyib ki, əgər danışıqlar başlasa, yeni şərtlər əsasında müzakirələr gedəcək. Yeni şərtlər o deməkdir ki, Kiyev "referendum" keçirilən əraziləri Rusiya "torpağı" kimi qəbul etməlidir. Əlbəttə, bu, Ukrayna üçün qəbuledilməzdir. Ukrayna ordusu əks-hücumlarını davam etdirir və bir neçə mühüm məntəqə ruslardan təmizlənib. Donetsk və Xersonda müəyyən yaşayış məntəqələri azad edilib. Ukraynanı dəstəkləyən hegemon güclər də "referendumu" qəbul etməyəcəklərini, hətta həmin ərazilərdə rusların vurula biləcəyini vurğulayıblar. Bu onu göstərir ki, nə Kiyev, nə də Qərb Rusiyanın "referendum" təzyiqini ciddi qəbul etmir. Rusiya atdığı bütün addımlarla düşdüyü böhranı daha da dərinləşdirir".