“PKK-Ermənistan əlaqələrində çatlar yarana bilər”

“Sərbəst buraxılacağı” vədi ilə terrorçuların Türkiyəyə təhvil verilməsi bunu deməyə əsas verir”

“Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir”

  "Ermənistanın PKK-nın iki üzvünü Türkiyəyə təhvil verməsi maraqlı məqamları da ortaya çıxardı". Bu sözləri "Şərq"ə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert vurğulayıb kiu, bu hadisə Ermənistanda kəşfiyyat və ədliyyə sistemi arasında qalmaqala səbəb oldu. Digər yandan tarix boyu erməni terror təşkilatları ilə çiyin-çiyinə addımlayan, I və II Qarabağ müharibəsində Azərbaycana qarşı döyüşmüş PKK ilə İrəvan arasında narazılıqlar yarandı: 

"Bu, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində addımlarından biri olaraq qəbul edilə bilər. Atilla Çiçek və Hüseyn Yıldırım adlı terrorçular 2021-ci ilin 16 avqustunda Araz çayı üzərindən Ermənistana qanunsuz keçməkdə və silah-sursat keçirməkdə ittiham olunublar. Birinci İnstansiya Məhkəməsi 7 il həbs cəzası versə də, Apelyasiya Məhkəməsi 3 il şərti cəza ilə sərbəst buraxmaq haqda qərar qəbul edib. 

Onlar haqda məlumat Türkiyəyə təhvil verildiyi zaman ortaya çıxıb. Ermənistan Ədliyyə Nazirliyi “təhvil vermə” prosesindən xəbərsiz olduğunu deyir. O zaman terrorçuları MİT-ə kim təhvil verib? PKK terror təşkilatının Ermənistana ünvanlanan etiraz açıqlamasında bu suala cavab tapmaq mümkündür.

 Terror təşkilatı bəyan edir ki, Atilla Çiçək və Hüseyn Yıldırım Apelyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılmalı olsalar da, onları Ermənistanın xüsusi xidmət orqanları “oğurlayıb” və MİT-ə veriblər. Bu, Ermənistanın PKK əleyhinə ilk addımıdır və terror təşkilatı ilə İrəvanın əlaqələrində problemlərə yol aça bilər".

  A.Nərimanlı bəyan edib ki, erməni və PKK terror təşkilatları Azərbaycan və Türkiyəyə qarşı tarix boyu birgə mübarizə aparıb: 

"Hətta yaralı PKK-çıların Ermənistanda müalicə olunduğu, o cümlədən, Avropaya getmək üçün bu ölkədən istifadə etdiyi haqda məlumatlar var. Terrorçular 44 günlük müharibədə də Ermənistan tərəfindən döyüşürdü. İndi “sərbəst buraxılacağı” vədi ilə terrorçuların Türkiyəyə təhvil verilməsi PKK-Ermənistan əlaqələrində çatların yaranması ilə nəticələnə bilər. Terror təşkilatının etiraz açıqlamasının mətni də bunu deməyə əsas verir. Ermənistan hakimiyyəti isə bu addımla Türkiyə ilə münasibətlərin normallaşması prosesində jest edir. Mümkündür ki, Ankara-İrəvan danışıqlarında terrorçuların təhvil verilməsi məsələsi də masada olub".