İran şok yaşayır

İsrailin İrana PUA zərbələri endirməsini Vaşinqton təşviq edib

  Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumdan cəmi bir gün sonra, 28 yanvarda İranın PUA istehsal edən müəssisəsinə, silah-sursat anbarlarına, neft müəssisələrinə zərbələr endirilib. Baş vermiş ani hücumlar İranda əsl şok effekti yaradıb. Zərbələrin ardınca SEPAH-ın Suriya ilə İraq sərhədində yerləşən qərargahının, həmin qərargaha təchizat daşıyan yük maşınlarının məhv edilməsi isə daha ciddi panikaya səbəb olub. Tehran səmasında İsrailə məxsus qırıcıların və PUA-ların olması iddiasından sonra İranın bir çox şəhərlərində fövqəladə vəziyyət elan olunub. İsrail hələlik hücumun arxasında olduğunu elan etməyib. Rəsmi təkzib də yoxdur. İsrail mediası hücumları Təl-Əvivin təşkil etmədiyi haqda ilkin məlumatlar yaysa da, dünya mətbuatı zərbələrin arxasında İsrailin dayandığını iddia edib. 

"Al-Arabiya" televiziya kanalının bildirdiyinə görə, İsrailin kəşfiyyat strukturları və hərbi-hava qüvvələri İran ərazisində antiterror əməliyyatı həyata keçirib. Ekspertlər bildiriblər ki, İsrailin İrana zərbə endirməsi ilk dəfə deyil, ancaq İranın böyük bir ərazisinə eyni vaxtda bu cür hücumlar ilkdir. İranın Banə şəhərinə zərbə endirilməsini bəlkə də sərhədə yaxın olduğu üçün hansısa formada əsaslandırmaq mümkündür. Lakin Təbriz İraqla sərhəddən hava yolu ilə təxminən 200 km məsafədədir. İsfahanla Təbrizin arası isə hava yolu ilə təxminən 800 km-dir. İsfahan İraqla sərhəddən təxminən 380 km məsafədə yerləşir. Deməli, İsrail dronları İran sərhədini aşaraq və yüz kilometrlərlə yol qət edərək bir neçə şəhərdə hərbi obyektləri havaya uçurublar. İran isə buna reaksiya vermək iqtidarında olmayıb. 

Dronların hücumu iranlılarla yanaşı, xarici mütəxəssisləri də heyrətləndirib. Çünki İsrail bircə gecədə nəinki İran ərazisinə hücum etmək, həm də paytaxtı lərzəyə salmaq, ölkə hüdudlarından kənarda yerləşən qüvvələrini sıradan çıxarmaq gücündə olduğunu təsdiqlədi. Məlum oldu ki, Ermənistan ərazisinin bütövlüyünü dərd edən İran heç özünün “qırmızı xəttini” qorumaq gücündə belə deyil. SEPAH hücum edən dronlardan birinin dərhal vurulduğunu, digər ikisinin isə ələ keçirilib məhv edildiyini açıqlayıb. Ancaq ortada vurulan və ələ keçirilən dronların qalıqlarını əks etdirən fotolar yoxdur. 
  Tanınmış rusiyalı politoloq Sergey Markov deyib ki, İrana zərbələr Tehranı Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur etmək məqsədi daşıyır. Markova görə, İsrail və ABŞ İrana birgə zərbə endirib: "Onlar İranı nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etməyə çalışırlar. Bunun böyük hərbi münaqişəyə çevrilə biləcəyini istisna etmirəm. İran bizə pilotsuz təyyarə və raketlər verə bilmirsə, bu, pisdir". 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Analitikə görə, bu zaman Təl-Əviv arqumentini iki amillə izah edib:

 "Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf edib. Böyük ehtimalla bu zərbələr ABŞ ilə razılaşdırılıb. Təsadüfi deyil ki, Prezident Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib. Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən, İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu, Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təchiz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub".