“Bildiyimiz kimi, Moldovada hazırda hakimiyyətdə olan qüvvə qatı antirus çıxışları ilə seçilib”
“Bu baxımdan rəsmi Moskvanın rəsmi Kişinyova qarşı hər hansı bir təxribat törətməsi istisna olunmur”
"Moldova prezidenti Maya Sandu bəyanat yayıb ki, Rusiyanın Moldovada müxtəlif təxribat planları mövcud idi. Xüsusən də, Serbiya və Belarus vətəndaşlarından ibarət bir qrup yaradaraq, Moldovanın dövlət qurumlarına, təsisatlarına qarşı sobotajlar həyata keçirmək niyyəti olub".
Bunu "Sherg.az"a beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib. Onun sözlərinə görə, bununla bağlı məlumatları Moldovaya Ukrayna prezidenti Volodimir Zelenski sənədlərlə birgə təqdim edib:
"Həmin sənədlərdən belə məlum olub ki, Rusiya həm də Moldovada dinc etiraz aksiyaları həyata keçirərək, çevriliş etmək niyyəti güdüb. Bir tərəfdən baxanda rəsmi Moskvanın orada rejim çevrilişi və təxribat törətmək istəyi heç də təəccüblü deyil.
Çünki bildiyimiz kimi, Moldovada hazırda hakimiyyətdə olan qüvvə qatı antirus çıxışları ilə seçilib. Rusiya da dəfələrlə bəyanatlar verərək, Moldovanın qeyri-adekvat siyasətini vurğulayıb.
Bu baxımdan rəsmi Moskvanın rəsmi Kişinyova qarşı hər hansı bir təxribat törətməsi istisna olunmur. Eyni zamanda da şimal qonşumuz postsovet məkanında daim öz nüfuzunu qorumağa çalışıb.
Bu baxımdan həmin məkandakı dövlətlərin siyasi proseslərinə birbaşa müdaxilə edib. Elə hazırkı Rusiya-Ukrayna müharibəsinin səbəblərindən biri də rəsmi Moskvanın Ukraynadakı proseslərə müdaxiləsi ilə bağlıdır. Bu baxımdan postsovet məkanından hər hansı dövlətin qərbə meyilli olmasına, inteqrasiyasına tolerantlıq göstərmir. İndi də Moldovada bənzər ab-hava hökm sürməkdədir. Rəsmi Kişinyov Rusiyadan çox şərqə doğru istiqamət xəttini cızıb. Bu da rəsmi Moskva üçün sözsüz ki, qırmızı cizgidir.
Ümumiyyətlə, Rusiya üçün NATO, Qərbə inteqrasiya bir növ "damokl qılıncına" bərabərdir. Şimal qonşumuzun Moldovaya qarşı siyasəti anlaşılandır. Digər tərəfdən rəsmi Moskva bəlkə də, birbaşa Moldovaya müdaxilə etmək niyyətini güdməsə də, belə bir şaiyənin yayılmasını istəyir. Bununla həm Moldova, həm də digər postsovet dövlətləri Rusiyanın nəfəsini, "damokl qılıncını" üzərilərində hiss etsinlər.
Qeyd edək ki, Moldovaya hücumlar hazırlanır. Bunu Moldova Prezidenti Maya Sandu bildirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dövlət çevrilişinə hazırlanması ilə bağlı ittihamlara cavab verib:
“Moldova Prezidenti Maya Sandunun Rusiyanın Moldovada sabitliyi pozmaq planlarının mövcudluğu ilə bağlı bəyanatları reallığa uyğun gəlmir, tamamilə əsassızdır və sübutu yoxdur”.