Qərb Ukraynanın Rusiyaya məğlub olmasına imkan verməyəcək
"Ukrayna Qərbin əsarətindədir, onu böyük müharibəyə hazırlayıblar. Xüsusi əməliyyat Rusiya Federasiyasının müdafiəsi və nasist təhlükəsini aradan qaldırmaq üçün başlayıb". Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib. O, Rusiyanın addım-addım qarşısında duran vəzifələri ardıcıl şəkildə həll edəcəyinə əmin olduğunu qeyd edib. Deyib ki, Rusiya Ukrayna böhranını dinc yolla həll etmək üçün əlindən gələni edib: "Lakin Rusiyanın arxasından tamamilə fərqli ssenari hazırlanıb". Putin Ukrayna münaqişəsi ilə bağlı aparılan Minsk razılaşmaları ilə bağlı da danışıb: "Qərbin Donbasda sülh arzusu ilə bağlı verdiyi vədlər qəddar saxtakarlığa və yalana çevrilib". Putin Qərb ölkələrini fırıldaqçılıqla məşğul olmaqda ittiham edib: "Kiyev və Qərb arasında hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və digər texnikanın tədarükü ilə bağlı danışıqlar hələ xüsusi əməliyyat başlamazdan əvvəl aparılıb. Ukrayna Qərbin əsarətindədir, onu böyük müharibəyə hazırlayıblar".
"Rusiyanı döyüş meydanında məğlub etmək mümkünsüzdür"
Putin Rusiyanı döyüş meydanında məğlub etməyin mümkün olmadığını bildirib. O, Qərbin Ukraynaya nə qədər çox uzaq mənzilli sistemlər verərsə, Rusiya üçün təhlükənin sərhədlərini bir o qədər uzadacağını deyib: "Kimlər ki, Rusiyaya qarşı satqınlıq yolunu seçiblərsə, qanunla buna görə cavab verəcək".
"Qərb silah 150 milyard dollar pul xərcləyib"
Kreml rəhbəri Ukraynadakı müharibəni Qərbin başlatdığını deyib: "Müharibəni Qərb başladıb və Rusiya onu dayandırmaq üçün güc tətbiq edir. Onun sözlərinə görə, Qərbin məqsədi sərhədsiz gücə sahib olmaqdır, Rusiya isə öz evini qoruyur". Putin bildirib ki, Donbasa zərbələr endirməyi planlaşdıranlar Krımı və Sevastopolu növbəti hədəf kimi planlaşdırıblar: "Qərb artıq Kiyevə yardım və onu silahla təmin etmək üçün 150 milyard dollardan çox pul xərcləyib".
"Məqsəd Ukrayna adlanan tarixi əraziləri Rusiyadan qoparmaqdır"
Putin deyib ki, Qərb son onilliklər ərzində "cini şüşədən buraxıb" və bütün regionları xaosa sürükləyib. Onun sözlərinə görə, 1930-cu illərdə Almaniyada nasistlərin hakimiyyətə yolunu açan Qərb bu gün Ukraynanı “anti-Rusiya”ya çevirib: "Qərbin məqsədi bu gün Ukrayna adlanan tarixi əraziləri Rusiyadan qoparmaqdır". Putin Ukrayna briqadalarından birinin faşist bölməsinin adı olan "Edelveys" adlandırılmasını biabırçı adlandırıb: "Faşist şevronları Ukrayna Silahlı Qüvvələri arasında populyardır, Ukraynadakı neonasistlər kimin varisləri olduqlarını gizlətmirlər. Qərbin Rusiyaya qarşı mübarizədə kimə "stavka" etməsi vecinə deyil, ona görə də onlar neonasistlərdən, terrorçulardan istifadə edirlər".
Putin qeyd edib ki, Qərbin məqsədi, 1930-cu illərdə olduğu kimi, aqressiyanı Şərqə yönəltməkdir".
"Ukrayna xalqı Kiyev və Qərb hakimiyyətinin girovuna çevrilib"
Rusiya Prezidenti ölkəsinin Ukrayna xalqı ilə müharibə aparmadığını vurğulayıb: "Lakin Ukrayna xalqı Kiyev və Qərb hakimiyyətinin girovuna çevrilib. Qərb Ukraynadan həm Rusiyaya qarşı taran, həm də poliqon kimi istifadə edir. Kiyev rejimi öz ölkəsinin deyil, üçüncü dövlətlərin maraqlarına xidmət edir". Putin deyib ki, Ukraynada münaqişənin alovlanması və qurbanlar üçün məsuliyyət Qərbin və Ukrayna xalqının yad olduğu Kiyev rejiminin üzərinə düşür: "Qərb elitaları Rusiyanı strateji məğlubiyyətə uğratmaq, onu birdəfəlik məhv etmək məqsədini gizlətmirlər, münaqişəni qlobal miqyasda etmək istəyirlər".
"Putinin hərəkətlərində sülhə doğru addımla bağlı heç bir nişan görmürük"
NATO baş katibi Yens Stoltenberq bildirib ki, Qərb ölkələri Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyir: "Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur". O deyib ki, bu müharibəni Rusiya Prezidenti Vladimir Putin başladıb və bunu imperial maraqları naminə Ukraynanı işğal etmək üçün edib: "O, Ukrayna xalqının qətiyyətini, gücünü və bizim həmrəyliyimizi düzgün qiymətləndirməyib. Putinin hərəkətlərində sülhə doğru addımla bağlı heç bir nişan görmürük. O, çıxışında elan etdi ki, yeni müharibəyə hazırlaşır. Yeni qüvvələr səfərbər edir. İran və Şimali Koreya kimi ölkələrdən silahlar alır.
Biz eyni zamanda narahatıq ki, Çin Rusiyaya silah sata bilər. Putin bu müharibədə qalib gəlməməlidir. Bu, bizim üçün, dünya üçün təhlükəlidir. Biz Ukraynanın qalib gəlməsi üçün ona lazım olanı verməliyik. Müttəfiqlərimizin hərbi dəstəyini alqışlayıram. Biz hərbi yardımı sürətləndirməliyik və bunu bu gün müzakirə etdik. Biz razılığa gəldik ki, Ukrayna silahalma sistemini inkişaf etdirməlidir, proses şəffaf olmalıdır. Biz Aİ, NATO və Ukraynanın satınalma üzrə ekspertlərinin görüşü barədə razılığa gəldik. Ukraynanın Avro-Atlantik ailədə gələcəyini təmin etməyə əmin olmalıyıq. NATO Ukraynanın yanında olmağa davam edəcək”, - Stoltenberq qeyd edib.
"Qərb Ukraynanın Rusiyaya məğlub olmasına imkan verməyəcək"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, "biz qələbə qazanacağıq” deyən Putin o biri tərəfdən ABŞ-nin dünyada yüzlərlə hərbi bazasının olduğunu vurğulayıb: “Putin bildirib ki, planet Amerikanın hərbi bazalarıyla əhatə olunub və heç bir dövlətin bu qədər hərbi bazası yoxdur. Yaxşı, o halda sual olunur, belə olan halda Amerikanı necə məğlub etmək olar? Həqiqət ondan ibarətdir ki, Qərb Ukraynanın Rusiyaya məğlub olmasına imkan verməyəcək.
Çünki bu, həm də Amerikanın müharibəsinə çevrilib. Keçmiş SSRİ indiki Rusiyadan güclü dövlət idi. Amma SSRİ belə “soyuq müharibədə” məğlub oldu".