Vaxt daralır: Krım istiqamətində də hücumlar  realdır

İyun ayında Ukrayna qoşunları Rusiyaya qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başlaya bilər


  NATO-nun baş katibi Yens Stoltenberq əks-hücum çərçivəsində əməliyyat qərarlarının hərbi alyansın iştirakı olmadan Ukrayna tərəfindən veriləcəyini, lakin alyansın Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcəyini bildirib. Stoltenberq vurğulayıb ki, bütün əməliyyat qərarlarını ukraynalılar özləri verəcək: "Biz sadəcə olaraq Ukraynanı ərazinin azad edilməsi prosesində dəstəkləyirik. Bunun necə baş verəcəyinə ukraynalılar özləri qərar verəcəklər". O, həmçinin Böyük Britaniyanın Kiyevi uzaqmənzilli qanadlı raketlərlə təchiz etmək qərarını alqışlayıb. Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Silahlı Qüvvələrinin NVO zonasındakı müdafiə xətlərini yüksək qiymətləndirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib ki, Baxmut şəhəri uğrunda döyüşlər davam edir. Ukraynalı hərbçilər şəhər yaxınlığında qismən uğura nail olublar. Onun sözlərinə görə, Ukrayna ordusu rusiyalı hərbçilərin geri çəkilməsini təmin edir. Rusiya gözlənilən əks-hücum əməliyyatını təxirə salmaq üçün Ukrayna ərazisinə daha tez-tez raket zərbələri endirməyə başlayıb. Bildirilir ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək və çaşdırmaq üçün həmişə olduğundan daha çox sursat sərf edir. Həmçinin Rusiya eyni anda bir neçə istiqamətdən kütləvi zərbələr endirərək Kiyevdəki komanda mərkəzlərini və digər mühüm yerləri hədəfə alır. Vurğulanır ki, Rusiyanın getdikcə daha çox idarə olunan dəqiq silah ehtiyatından istifadə etməsi Ukraynanın xeyrinə ola bilər. 
  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə bildirib ki, Ukraynanın Rusiyaya qarşı əks-hücumlar həyata keçirməməsi hava şəraiti ilə əlaqədardır. Analitikin fikrincə, ağır texnikaların indiki vaxtda rusların müdafiə xəttini yarması çox çətin olar: "Belə məqamda Ukrayna qoşunlarının əks-hücum əməliyyatı istənilən nəticəni verməz və itkilər çox olar. Əks-hücum əməliyyatı planlanan bölgələr bataqlıqdır. Ona görə də Kiyev taymaut götürüb. Amma lokal hücumlar, rus ordusuna qarşı əməliyyatlar həyata keçirilir. NATO açıqlama verib ki, əks-hücum üçün Ukraynanı bütün silah-sursatlarla təmin ediblər. Hətta F16 qırıcılarının verilməsi istiqamətində də müzakirələr gedir. Düşünürəm ki, yaxın günlərdə, ola bilər iyun ayında Ukrayna qoşunları Rusiyaya qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başlaya bilər. Əgər Ukrayna ordusu Baxmutda öz istəyinə nail ola bilirsə, rusları şərq cəbhəsindən tamamilə çıxarar. Krım istiqamətində də hücumların olması realdır. Nəzərə alaq ki, rus ordusunda ruh yüksəkliyi və şəxsi heyətin döyüş qabiliyyəti xeyli aşağı düşüb və texnika çatışmazlığı var. Rusiya öz qoşunlarını Ukraynadan çəkənə və danışıqlar masasına oturanadək Ukraynanın əks-hücumları davam edəcək".