Türkiyə prezidenti "Taxıl sazişi"nin qarantıdır


Zelenski və Putin demək istəyirlər ki, Türkiyənin başında Ərdoğanın qalmasında maraqlıdırlar


  Prezident Rəcəb Tayyib Ərdoğan ''Taxıl sazişi''nin daha 2 ay uzadıldığını açıqlayıb. Ərdoğan deyib ki, Türkiyənin liderliyi, Rusiya və Ukraynanın konstruktiv münasibətləri və BMT-nin yardımı sayəsində 2022-ci il iyulun 22-də İstanbulda imzalanmış saziş bir neçə dəfə uzadılıb. Sonuncu uzadılma müddəti bitmək üzrə idi. Lakin Türkiyə rəhbərliyinin səyləri, Moskva və Kiyevin dəstəyi ''Taxıl sazişi''nin daha 2 ay müddətinə uzadılmasına qərar verilib: "Qlobal ərzaq tədarükü zəncirlərinin fasiləsiz işləməsi və xüsusilə ehtiyacı olan ölkələrin taxıla çıxışının asanlaşdırılması üçün həyati əhəmiyyət kəsb edən bu qərarın bütün tərəflər üçün faydalı olmasını arzu edirəm. Müqavilənin qarşıdakı dövrdə də davam etməsi üçün səylərimizi davam etdirəcəyik. Bundan başqa rus dostlarımız Mikolayev və Olvia limanlarındakı türk gəmilərinin çıxışına mane olmayacaqlarını bildirdilər. Bunun üçün onlara minnətdarıq''. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Kreml “Taxıl sazişi”nin daha iki ay uzadılmasını təsdiqləyib. "Rosselxozbank"-ın SWIFT-ə qoşulma imkanlarından danışan Kreml rəsmisi, bankın "blokdan çıxarmağa bərabər" variantların işləndiyini, buna ümidlərin olduğunu söyləyib. Rusiyadan ammonyakın tədarükü probleminin həllinə gəlincə, Peskovun sözlərinə görə, bununla bağlı iş davam edir.
  Politoloq İlqar Vəlizadə "Şərq"ə açıqlamasında qeyd edib ki, Türkiyənin "Taxıl sazişi"nin əldə olunması və bir neçə dəfə uzadılmasında müstəsna rolu var. Analitik hesab edir ki, Türkiyə olmasaydı, belə bir sazişin imzalanmasından ümumiyyətlə söhbət gedə bilməzdi: "Türkiyə Prezidenti R.T.Ərdoğanın həm Rusiya, həm də Ukrayna prezidentləri ilə normal münasibətləri var. Həm də nəzərə alaq ki, bütün taxıl gəmiləri Türkiyənin Bosfor boğazından keçərək digər ölkələrə çatdırılır. "Taxıl sazişi" ilə bağlı müddətin uzadılması həm də Rusiya və Ukrayna prezidentlərinin Türkiyə lideri Ərdoğana tam dəstəyi anlamına gəlir. Bilirsiz ki, mayın 28-də Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək. Zelenski və Putin demək istəyirlər ki, Türkiyənin başında Ərdoğanın qalmasında maraqlıdırlar. Çünki hazırda Rusiya-Ukrayna müharibəsində vəziyyət kritikdir, gərginlik artıb. Belə məqamda "Taxıl sazişi"nin müddəti uzadılmaya bilərdi, seçkilərdən sonraya saxlanılardı. Ancaq müddət uzadıldı. "Taxıl sazişi" anlaşmasının müddətinin məhz iki ay uzadılması göstərir ki, sonrakı proses Türkiyədə hakimiyyətdə kimin olmasından bilavasitə asılıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sazişin qarantıdır. Dəfələrlə olub ki, şəxsən Ərdoğan tərəfləri inandırıb ki, "Taxıl sazişi" hər iki tərəf üçün faydalı və lazımlıdır. Ərdoğan bunu bacarıb".