Belarus Rusiyaya canlı qüvvə verməsə də, öz ərazisini
Ukraynaya qarşı cəbhə kimi Rusiyanın “icarə”sinə verib
"Rusiya Belarusda
taktiki nüvə silahları yerləşdirir. Bu, Ukraynadakı müharibənin miqyasının
genişlənməsinə işarədir və sözsüz ki, Polşa da bundan nəsibini alacağını
düşünür". Bu sözləri siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik hesab
edir ki, Belarus Rusiyaya canlı qüvvə verməsə də, öz ərazisini Ukraynaya qarşı
cəbhə kimi Rusiyanın “icarə”sinə verib:

"NATO isə Belarusa görə Rusiya ilə
müharibə riskinə getmir, burada alternativ variant kimi Belarusun çalxalanması
ssenarisinin işə salınması meydana çıxır. Polşadan verilən siqnallar
Lukaşenkoya qarşı “ərəb baharı”nın nəticələrini yaşatmaq üçün geniş planın
olduğunu göstərir. Ancaq planın konkret necə işləyəcəyini onu hazırlayanlardan,
eləcə də Rusiyadan, Belarusdan başqa kimsə bilmir. Əməliyyatın uğurlu olması
üçün Belarus müxalifətinə dəstək olan dövlətlərin, müttəfiqlərinin, xüsusən də
Belarusla həmsərhəd olan Polşanın dəstəyi lazımdır. Ona görə Polşa indi dövriyyənin
başında görünür. Ancaq Belarusdakı qeyri-stabillik ssenarisi Avropa İttifaqının
iqtisadi planı əsas tutan başqa dövlətləri üçün uyğun deyil. Avropa İttifaqı
burada mümkün şoklara qarşı rolunu müəyyən edir. O, Belarus Silahlı Qüvvələri və
yüksəkvəzifəli rəsmiləri ilə əlaqə xətlərinin mövcud olmasını təmin etməlidir.
Eyni zamanda ölkənin ərazi bütövlüyünə dəstək verən açıq bəyanatlar səsləndirməklə
problemin özünə yönələn oxlarını neytrallaşdıra bilər. Lakin Qərbin beynəlxalq
ictimaiyyətdə rəy yaradan institutlarının dəyənəyi Prezident A.Lukaşenko üçün çətinliklər
yaratmaq gücündədir. Bu versiyadakı gedişlər Rusiyaya da sərfəlidir. Çünki
Belarusda hər etiraz olduqca Moskva orada əlini güclü edir".
