Fransada polisin öldürdüyü Nahelin anası ağ yürüş üçün çağırış edib

Paris regionunda ötən gecə saat 02:00 radələrində 35 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, iyunun 28-dən 29-na keçən gecə Fransanın bir neçə şəhərində Nahelin ölümünə cavab olaraq, sakinlərlə polis arasında yeni toqquşmalar qeydə alınıb. Fransa prezidenti bununla bağlı olaraq səhər saat 8-də nazirliklərarası böhran iclasını çağırıb.

Daxili işlər naziri Jerald Darmanən “dözülməz zorakılıq” hadisələrini pisləyib. Nazir tviter hesabında polis tərəfindən ölkə ərazisində ötən gecə 150 nəfərin saxlanıldığını qeyd edib. “Şəhərlərdə binalar, məktəblər və polis məntəqələri yandırılıb və ya hücuma məruz qalıb”, - yazan nazir respublika rəmzlərinə qarşı dözülməz zorakılıq gecəsindən təəssüfləndiyini bildirib.

Nahelin ölümündə təqsirkar hesab edilən polisin həbs müddəti uzadılıb. Ölümcül atışmada şübhəli bilinən 38 yaşlı polis Nanterre prokurorluğunun qəsdən adam öldürmə ilə bağlı açdığı istintaq çərçivəsində Milli Polisin Baş Müfəttişliyi (IGPN) tərəfindən dindirilib.

Nahelin anası bu gün saat 14:00-da Hauts-de-Seine prefekturasının qarşısında, ölümcül atışma səhnəsinin çox yaxınlığında ağ yürüş üçün videoçağırış edib. O, “oğluna görə üsyan etdiyini” bildirib.