Beynəlxalq Şuranın direktoru: "Baş verənlər  Fransa hökumətinin ədalətsiz siyasətinin nəticəsidir"

"Son bir ildə Fransada iyirmiyə yaxın insan polisə tabe olmaqdan boyun qaçırması səbəbindən güllələnərək öldürülüb".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında ölkənin Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın direktoru Erik Gozlan bildirib.

O qeyd edib ki, Fransanın Nanter şəhərində baş verən hadisələr hökumətin ədalətsiz siyasətinin nəticəsidir.

E.Gozlan adıçəkilən şəhərdə 17 yaşlı yeniyetmənin qətlə yetirilməsi ilə polisin peşəkarlıq baxımından ciddi səhvə yol verdiyini söyləyib: "Fransa qanunlarına əsasən, polisə yalnız özünə, yanında olan digər həmkarına və ətrafdakı insanlara təhlükə yarandığı halda silaha əl atmağa icazə verilir".