ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Kiyevə gizli səfər etdi: Ukrayna-Rusiya danışıqları başlayır?

İyunun əvvəlində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Kiyevə elan olunmamış səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və dövlət kəşfiyyatının rəhbərliyi ilə görüşüb.
Bu barədə “The Washington Post” nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.
Səfərin məqsədi Co Bayden administrasiyasının Ukrayna ərazisinin müdafiəsi ilə bağlı kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək olub.
Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri Bernsə əminliklərini ifadə ediblər ki, 2023-cü ilin payızına qədər müvəqqəti işğal olunmuş ərazilərin əhəmiyyətli hissəsi qaytarılacaq.
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə həmçinin artilleriya və raket sistemlərinin Krımla sərhəd xəttinə yaxın ərazidə yerləşdirilməsi, eləcə də şərqə doğru irəliləmək planları barədə məlumat verilib.
Nəşr bildirib ki, əks-hücum zamanı uğur əldə edilərsə, Ukrayna hakimiyyəti Rusiya Federasiyası ilə danışıqların bərpasını istisna etmir.

Mənbə: TSN.ua