430 milyon dəfə hıçqıran adam! 68 il hər yolu sınadı, alınmadı


Bəzən nəfəsimizi tutaraq, bəzən də qorxaraq gözlədiyimiz hıçqırıqlar hələ ana bətnində ikən başlayır. Ancaq bir hıçqırığın  illərlə davam etməsi  olduqca təəccüblüdür. 68 ildə 430 milyon dəfə hıçqıran adam hər yolu cəhd etsə də ondan qurtula bilməyib.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, illərdir davam edən bu qeyri-ixtiyari daralma ilə yaşayan Çarlz Osborne tibb dünyasını heyrətə salıb.  Osborne 1893-cü ildə anadan olub və 1922-ci ilə qədər normal həyat sürüb. Nə oldusa onun qəssablığa başladığı dövrə təsadüf etdi. Osborne 350 kiloluq heyvanı asmaq üçün qaldırarkən yıxıldı və heç bir ağrı hiss etmədi. Bu zaman onu hıçqırıq tutdu. Bir neçə dəqiqə ərzində yox olan əksər hıçqırıqlardan fərqli olaraq, Osborne heç dayanmadı. Həftələr keçdikcə bunun müvəqqəti bir vəziyyət olduğunu düşünən kişi narahat olmağa başladı. Həkimə getdi. Hıçqırıqlarına çarə axtaran adama heç kim kömək edə bilmədi. Bu müəmmalı gedişə həkimlər də məəttəl qalıb. İllər keçdikcə Osborne ömrünün qalan hissəsini “hıçqırıqlarla yaşayacam” deyə düşünməyə başladı. 


Bu gün həkimlər hıçqırıqların səbəbini belə izah edirlər. Qazlı içkilər, yeməklər saqqız çeynəyərkən və ya hətta həyəcanlanarkən hava udmaq hıçqırıqlara səbəb ola bilər. Lakin bu səbəblərin heç biri Çarlz Osbornenin 1922-ci ildə qəfildən niyə hıçqırmağa başladığını izah etmir. 1980-ci illərdə Dr. Terens Entoni bildirib ki, Osbornenin yıxılması beynin zədələnməsinə, iynə ölçüsündə qan damarının partlamasına və bu da hıçqırıqlara səbəb olub. Həkim  həmçinin onun beyin sapında hıçqırıq reaksiyasına maneə törədən kiçik bir sahəni məhv olduğunu söyləyib, lakin bu gün mütəxəəsislər fərqli bir izahat verirlər. Neyrocərrah Əli Seifi hesab edir ki, Osbornenin yıxılması onun diafraqmasına təsir edən qabırğasının zədələnməsinə səbəb olub. Əli Seifi Osbornenin insult keçirmiş ola biləcəyini düşünür. Bəzən  insultlar davamlı hıçqırıqlara səbəb ola bilir. Bu da Terens Entoninin  onilliklər əvvəl Osborne üçün verdiyi açıqlamadan çox da fərqli deyil.

Dərmanlar da hıçqırıqları müalicə edə bilmədi. Bir dostu Osborneni qorxutmaq üçün hətta arxadan ov tüfəngi ilə atəş açdı, lakin nəticə yenə də eyni oldu. Həkim ona yüksək dozada dəm qazı verdikdə Osbornenin  hıçqırıqları kəsildi. Bu müalicə işə yaraya bilərdi, amma Osborne zəhərli qazdan sağ çıxa bilməzdi. 
Beləliklə, Osborne bacardığı qədər hıçqırıqlarla yaşamağı öyrəndi. O, həll yolu axtarmaq üçün Alyaskaya qədər səyahət etdi, lakin xərc və məyus nəticələrə görə müalicə axtarışını bitirdi. Hekayəsi qəzetlərdə dərc olundu, televiziyalarda yayımlandı. Osborneyə  vəziyyəti ilə bağlı minlərlə məktub gəlib. Bəziləri ona  barmaqlarını masaj etməsini və ya çənəsinə təzyiq etməsini söylədi. Ancaq bütün bu təkliflərə Osborne "Mən bunu etdim və nəticə vermədi" cavabını verdi. 


 
Osborne, hıçqırıqlara yaxşı təsir etdiyi güman edilən salfetlə su içmək də daxil olmaqla, yüzlərlə ev müalicəsini sınadı, ancaq heç bir faydası olmadı. Bu xoşagəlməz vəziyyətə baxmayaraq, Çarlz Osborne iki dəfə evləndi, səkkiz övladı oldu və hətta bir müddət auksionçu kimi çalışdı. O, hıçqıra-hıçqıra da olsa ömrünü doyunca yaşamağa qərarlı idi.

Hıçqırıqlar adam əhəmiyyətsiz görünsə də, belə uzun və davamlı olanda arıqlamaq, yorğunluq və psixi sağlamlıq kimi problemlərə səbəb ola bilər. Çarlz Osborne bütün bu təhlükələri yaşayıb. Ömrünün sonrakı dönəmlərində hıçqırıq səbəbindən yeməkləri uda bilmirdi. İllər boyu bütün yeməklərini parçalayaraq yeməli oldu. 

Osborne 68 yaşlı hıçqırıqları ilə bağlı "Onlardan qurtulmaq üçün dünyada nə varsa verərdim. Hıçqırıqsız yaşamaq necə olur,  bilmirəm. Bu qədər davamlı hıçqırıq mənim həyatımı alt-üst etdi, daimi narahatçılıq yaratdı"- deyə bildirib.

Hesablamalara görə,  Osborne 29-96 yaşları arasında təxminən 430 milyon dəfə hıçqırıb. 1990-cı ilin iyununda gözlənilməz bir hadisə baş verdi və 68 ildir onunla yaşayan  hıçqırıq birdən kəsildi. Ancaq  bir il sonra Osborne vəfat etdi. Ömrünün son aylarını hıçqırıqsız yaşamaq onun ən böyük xoşbəxtliyi olub.

Turan