Parlament sədri Zelenskinin qərarını ədalətsiz adlandırıb

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna prezidenti Volodimir Zelenskinin “Georgian Airways” şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları ədalətsiz adlandırıb.

24News.ge xəbər verir ki, bu barədə o, jurnalistlərə müsahibəsində qeyd edib.

Papuaşvili bildirib ki, bu qərar Ukraynaya göstərilən həmrəylik fonunda gürcü xalqına qarşı ilk ədalətsiz qərar deyil:

“Təəssüf ki, bu, gürcü xalqına qarşı verilən ilk qərar deyil. Bu barədə çox danışmağa yəqin ki, dəyməz. Gürcüstana və ümumilikdə sanksiyalara gəlincə, hesab edirəm ki, bir illik dezinformasiyadan, o cümlədən gürcü xalqını sanksiyalardan yayınmaqda günahlandıran bəzi Ukrayna yüksək rütbəli məmurlarından sonra bu məsələ Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın koordinatorları tərəfindən bağlanıb. Onlar nəinki sanksiyaların Gürcüstan ərazisindən keçməsini təsdiq edən və ya şübhə doğuran faktların olmadığını, Avropa İttifaqından və ya digər ölkələrdən oğurlanmış yüklərin saxlanılmasını təmin etməkdə köməklik göstərən Gürcüstan hökumətinə təşəkkür etdilər.

Sərhədimizdə 1300 belə əməliyyat dayandırılıb. Heç kim soruşmur ki, sanksiya tətbiq olunan yüklər və ya şirkətlər sərhədimizə necə gəlib düşüb?", - deyə parlament sədri vurğulayıb.

Məlumat üçün bildirək ki, iyulun 1-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiya, Belarus, Qazaxıstan və Gürcüstandan olan 190-dan çox fiziki və 291 hüquqi şəxsə qarşı 10 illik sanksiyalar tətbiq edib. Rusiyaya uçuşların bərpasından sonra Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun direktorlar şurasının sədri Tamaz Qayaşviliyə qarşı da məhdudiyyətlər tətbiq edilib.