Polisə 108,8 mindən çox silah və partlayıcı maddə təhvil veriblər


Son iki ayda Serbiya vətəndaşları tərəfindən təhlükəsizlik qüvvələrinə 108 min 883 qeyri-qanuni silah və partlayıcı maddə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Kriminal İşlər İdarəsi məlumat yayıb.

Bildirilib ki, mayın 8-dən iyunun 30-dək təhlükəsizlik qüvvələri vətəndaşlardan 82 min 398 silah və 26 min 485 partlayıcı maddə qəbul edib. Həmçinin 4 milyondan çox patron təhvil alınıb.

Qanunsuz silah, partlayıcı maddə və patronların könüllü təhvil verilməsi prosesi artıq başa çatıb. Növbəti mərhələdə cərimə və cinayət məsuliyyətinə cəlb olunma prosesinin icrasına başlanılacaq.

Xatırladaq ki, mayın əvvəlində Serbiyada baş verən iki silahlı hücum nəticəsində ümumilikdə 17 nəfər ölüb. Bu hadisələrdən sonra Prezident Aleksandar Vuçiç qanunsuz silahlanmanın azaldılması məqsədilə vətəndaşları silahlarını polis bölmələrinə təhvil verməyə çağırıb.