Medvedev: "Rusiyanı sındırmaq mümkün olmadı"

"Taxıl sazişinə xitam verilməlidir"
Taxıl sazişinə hazırkı formada ehtiyac yoxdur və ona xitam verilməlidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin “Rossiyskaya qazeta”ya yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, Rusiya taxıl sazişi olmadan da ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə kömək edə bilər.

Medvedev məqaləsində Rusiya-Qərb qarşıdurması barədə da yazıb.

Bildirib ki Rusiya heç vaxt NATO-nu cilovlamağa cəhd etməyib:

"Rusiya sadəcə olaraq öz təhlükəsizlik problemlərini nəzərə almağı və keçmiş SSRİ ölkələrini alyansa dəvət etməməyi xahiş edib. Rusiya Federasiyasının məqsədi Ukraynanın NATO-ya üzvlüyü təhlükəsini aradan qaldırmaqdır və Rusiya buna nail olacaq. Rusiyanı sındırmaq mümkün olmadı, Qərb isə qlobal dominantlığı itirməyin bir addımlığındadır. Moskva Qərbin onu öz iradəsinə tabe etmək cəhdlərinə boyun əymədi və sərt cavab verdi", - deyə rusiyalı siyasətçi vurğulayıb.

Medvedev əlavə edib ki, Rusiya öz suverenliyini və milyonlarla insanı qorumaq üçün xüsusi hərbi əməliyyat keçirməyə məcbur olub:

"Kiyev rejimi zibil qutusuna atılmalı və faşist kimi qadağan edilməlidir".