Yunanıstan və ABŞ müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və ABŞ Prezidenti Co Bayden iki ölkə arasında xüsusən müdafiə və enerji sahələrində əməkdaşlığı gücləndirmək niyyətində olduqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə AMNA agentliyi Yunanıstan hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bazar günü axşam Mitsotakisin Baydenlə telefon danışığı olub. Liderlər iki ölkə arasında sıx əlaqələri, xüsusən müdafiə və enerji sahələrində əməkdaşlığı möhkəmləndirmək və dərinləşdirmək istəklərini təsdiqləyiblər. Söhbət zamanı Şərqi Aralıq dənizi regionunda Yunanıstan və ABŞ arasında strateji əməkdaşlığın vacibliyi də vurğulanıb.

ABŞ Prezidenti Yunanıstanın Ukraynaya göstərdiyi dəstəyə, regionda etibarlı tərəfdaş və müttəfiq roluna görə Kiriakos Mitsotakisə minnətdarlığını bildirib.

Xatırladaq ki, Mitsotakisin başçılıq etdiyi sağ mərkəzçi “Yeni demokratiya” partiyası iyunun 25-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq ölkənin 300 yerlik birpalatalı parlamentində 158 mandatın əksəriyyətinə sahib olub və öz hökumətini formalaşdırıb. Baş nazir iyunun 26-da Prezident sarayında, iyunun 27-də isə kabinetin digər üzvləri and içiblər.