"Quran"ın yandırılması siqnaldır

Avropa demokratiya və ali insan hüquqlarından imtina etmək mərhələsinə keçir
  "İsveçdə "Quran"ın yandırılması islamafobiyanın Qərbdə dövlət ideologiyasına çevrildiyini göstərir". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Qərbdə islamın müqəddəs kitabı olan "Quran"ın ictimai müstəvidə yandırılması "ifadə azadlığı" kimi xarakterizə edilə bilməz: "Fransa, Hollandiya, Danimarka, son olaraq Norveçdə islam dininin müqəddəs kitabının aşkar şəkildə yandırılması və dövlətin dəstəyi islam dünyasına qarşı fobiyanın təzahürüdür. Bu, bir növ Qərbin XI-XII əsrlərdə islam dininə qarşı baş vermiş səlib yürüşlərinin XX1-ci əsrdə davamıdır. Müqəddəs kitabın yandırılması, dinlərarası və iki svilizasiya arasında yeni münaqişənin qızışdırılmasına hesablanıb. Bunun Türkiyə əleyhinə addım olduğu deyilsə də, məsələ Türkiyə faktoru ilə bitmir. Prosesin arxasında islamafobiyanın Qərbdə dövlət ideologiyasına transfer edilməsi dayanır. İfrat sağ və millətçilik yaxın perspektivdə Avropa ölkələrinin dövlət ideologiyasına çevrilə bilər".
  Ekspert əlavə edib ki, Qərbdə ifrat sağçı və millətçi qruplar inkişaf etməkdədir: "Bununla da Avropa ötən əsrin 30-cu illərində formalaşan radikal ideologiyaların mərkəzinə çevrilir. Bu da yeni siyasi şəraitdən, Avropaya miqrant axınının təsirindən qaynaqlanır. Qərb artıq qapalı mühit istəyir və kənardan axını qəbul etmir. Avropa demokratiya və ali insan hüquqlarından imtina etmək mərhələsinə keçir. Qərb cəmiyyətində dözümsüzlük və ifrat radikalçılıq siyasi hakimiyyətlərə nüfuz etmək istiqamətində irəliləyir. Bu da ciddi siyasi deqradasiyaya gətirib çıxaracaq".