III Dünya müharibəsi "qapıları döyür?"  - Analitik

Avropa gözləyir ki,  Pekin müharibənin dayandırılması məqsədilə Kremlə təzyiqi artırsın


  Rusiya rəsmilərinin Ukraynaya qarşı işğalçı müharibə fonunda Qərb ölkələrini daima nüvə silahıyla hədələmələri Vaşinqtonda müzakirə edilən əsas mövzulardandır. ABŞ Avropa ölkələri ilə hərbi əməkdaşlığını genişləndirməklə yanaşı nüvə başlıqlı raket arsenalını artırmaq və həmin raketləri müxtəlif ölkələrdə yerləşdirmək barədə düşünür. Vaşinqton yalnız Avropa qitəsi ilə kifayətlənmək istəmir. Filippinin keçmiş prezidenti Rodriqo Duterte yerli “Manila Standart” qəzetinə verdiyi açıqlamada, ABŞ-nin ölkəsində nüvə silahı yerləşdirmək planı olduğunu bildirib: “Filippin ABŞ hərbi bazalarına qapılarını açıb. Bu halda ABŞ-nin həmin bazalarda nüvə silahı yerləşdirəcəyini ististna etmək olmaz”. Duterte hesab edir ki, ABŞ-Çin müharibəsi olarsa, Vaşinqton Filippindəki hərbi bazalarından Çinə qarşı istifadə edəcək və bu halda Filippin zərbə alacaq. ABŞ ilə Filippin arasındakı razılaşmaya görə, Amerikanın Filippinin 9 hərbi bazasına daxil olmaq imkanı var. Razılaşmaya görə, Filippində əlavə olaraq 4 yeni hərbi mərkəz qurulacaq. 
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Vaşinqton Rusiya və Çinin fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçün müxtəlif ölkələrlə hərbi əməkdaşlığını genişləndirib. Analitikin sözlərinə görə, Rusiya və Çin təhlükəsi avropalı siyasətçilərin də əsas mövzusudur: 
"Almaniyanın Rusiyaya yeni təyin olunan səfiri Aleksandr Lambsdorf dünyanın gələcəyini ABŞ ilə Çin arasındakı mübarizənin müəyyənləşdirəcəyini deyib. Səfir Rusiyaya təyinatından əvvəl yerli “Welt am Sonntag” qəzetinə verdiyi açıqlamada, Almaniyanın nə qlobal oyunçu, nə də super dövlət olduğunu bildirib: “Mərkəzi münaqişə ABŞ ilə Çin arasında cərəyan edəcək”. Səfir Almaniya iqtisadiyyatının Çinin qarşısında zəif olduğunu etiraf edib. Səfir Almaniya şirkətlərinin Vaşinqtonla Pekin arasındakı mübarizədə riskləri nəzərə almalarının vacib olduğunu vurğulayıb: “İki böyük dövlət arasında qarşıdurma biznesi məhv edə bilər”. Almaniyalı diplomat bütün hallarda ölkəsinin Transatlantik birliyə önəm verməsinin vacibliyini bildirib: “Avropalılar birlik halında hərəkət etməli və demokratik tərəfdaşımıza dəstək verməliyik”. Səfir “demokrat tərəfdaşımız” dedikdə ABŞ-ni nəzərdə tutub. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də son müsahibəsində beynəlxalq aləmdə baş verənlərdən narahatlığını ifadə edib. 70 yaşlı Toni Bleyer Yaponiyanın “Nikkei Asia” qəzetinə verdiyi müsahibədə deyib ki, Ukrayna müharibəsinin üçüncü dünya müharibəsinə çevrilməməsi üçün Çin bölgədə sülhə çalışmalıdır: “Pekin Kremli inandırmalıdır ki, Rusiya müharibənin gedişatında nüvə silahından istifadə etməməlidir”. Avropa İttifaqı liderlərinin iyunun 30-dakı sammitində  qəbul etdikləri ortaq bəyanatda da Çinə müraciət edilir ki, Pekin müharibənin dayandırlılması məqsədilə Kremlə təzyiqi artırsın. Əlbəttə, rusiyalı rəsmilərin Qərbi nüvə silahıyla hədələmələri Çinin də maraqlarına cavab vermir. Ancaq Pekin müharibənin dayandırılması və sülhə nail olmaq üçün Kremlə təsir etmək fikrindən uzaqdır. Pekinin müharibənin dayandırılması üçün irəli sürdüyü 12 maddəlik təkliflər paketi faktiki Rusiyanın Ukraynanın şərqinin işğalının rəsmiləşdirilməsinə xidmət edir ki, Kiyev və Qərb ölkələrinin paytaxtları bununla razılaşmayacaqlar".