23 ABŞ əsgərini daşıyan helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Avstraliyada təlimlərə qatılan ABŞ dəniz piyadalarını daşıyan V-22 Osprey tipli helikopterin qəzaya uğraması nəticəsində 3 əsgər həyatını itirib, 5 əsgər isə ağır yaralanıb.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, 23 ABŞ dəniz piyadasını daşıyan helikopter Darvin şəhərinin şimalındakı Melvil adasına düşüb.
CNN-in xəbərinə görə, ABŞ Dəniz Piyadaları Korpusunun rəsmisi verdiyi yazılı açıqlamada, "Təyyarədə 23 nəfər olub. 3 nəfərin öldüyünü təsdiqlədik. Kral Darvin Xəstəxanasına köçürülən 5 əsgərin vəziyyəti isə ciddi qiymətləndirilir" deyilir.
Açıqlamada əsgərlərin təlim üçün yola düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Avstraliyanın Baş naziri Entoni Albenese mətbuat konfransında deyib: "Hökumət və Müdafiə Nazirliyi olaraq məqsədimiz bu qəza ilə bağlı tədbir görmək və bu çətin dövrdə əlimizdən gələn köməyi göstərməkdir".