Cənubi Koreya müharibəyə yardımını 8 dəfə artırdı

Başlıca məqsəd Ukraynanı müharibəni davam etdirməyə həvəsləndirməkdir

Cənubi Koreya 2024-cü il büdcəsində Ukrayna üçün 393 milyon dollardan çox yardım ayırıb.
Bu barədə xarici media məlumat verib.
 
Məlumata görə, bu, 2023-cü ildə Ukrayna üçün ayrılan büdcədən 8 dəfə çoxdur.

Qeyd edək ki, Ukraynaya dəstək üçün ayrılması nəzərdə tutulan büdcənin təxminən 197 milyon dolları humanitar yardıma, 98,3 milyon dolları ölkənin yenidən qurulması layihələrinə, 98,3 milyon dolları isə beynəlxalq təşkilatlara köçürüləcək.
  
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən  politoloq Ramiz Alıyev  bildirib ki, Rusiya və Ukrayna müharibəsinə yalnız bu iki ölkənin müharibəsi kimi baxmamalıyıq. Bu müharibə Rusiyanın başda ABŞ və digər Qərb ölkələri olmaqla əksər dünya ölkələrinə qarşı olan müharibəsidir:

 "Cənubi Koreyanın büdcəsindən keçən illə müqayisədə 8 dəfə daha çox məbləğin Ukrayna üçün ayrılmasında başlıca məqsəd Ukraynanı müharibəni davam etdirməyə həvəsləndirməkdir. Hazırda Cənubi Koreyanın timsalında demək olar ki, bir çox ölkələr Rusiyadan canlarını qurtarmaq üçün Ukraynadan istifadə edirlər. Bunun üçün də müəyyən maliyyə vəsaitlərini əsirgəmirlər. Yəni Cənubi Koreyanın Ukrayna üçün  393 milyon vəsait ayırmasını Ukraynaya və onun xalqına acıdıqları kimi deyil, Rusiyanı çökdürmək üçün dəstək olaraq qiymətləndirmək lazımdır".
  
Politoloq vurğulayıb ki, hazırda hər iki ölkə ciddi böhran içərsindədir. Əksər dünya ölkələri açıq şəkildə Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etməsələr də öz hərbi, maliyyə və humanitar dəstəyi ilə Ukraynaya dəstək olaraq bu müharibədə Ukraynanın tərəfində durduqlarını göstərirlər. Ukraynaya edilən yardımlara baxmayaraq, onlarda da vəziyyət heç də qənaətbəxş deyil. Ölkədə vəziyyət günü-gündən pisləşir:

 "Bu müharibədə qalib tərəf olmayacaq. Müharibənin necə yekunlaşmasından asılı olmayaraq düşünürəm ki, nə Ukrayna, nə də Rusiya qalib hesab olunacaq. Bu müharibənin qalib müharibə olması üçün zəmin yaradanlar olacaq. Hazırda tərəflərdən heç biri bu müharibəni bitirə bilməz. Rusiya müharibəni bitirərsə, bu, onun nüfuzuna ciddi xələl gətirə bilər. Bu səbəbdən onlar ilk addımı Ukraynanın atmasını gözləyir, lakin Ukrayna da Qərbin razılığı olmadan bu addımı ata bilməz. Yəni ki, bu müharibə başda ABŞ olmaqla Qərb nə zaman istəsə, o zaman da bitəcək".