Ukraynada alternativ hökumət yaratmaq ideyası real deyil  - RƏY

Ancaq daxildə Zelenskidən narazılıq edən qüvvələrin sayı çoxalıb

“Müharibə uzandıqca fəsadları dərinləşir. Bu da hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr üçün real zəmin yaradır”


  Keçmiş prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin hesab edir ki, guya, Ukrayna özünü xilas etmək üçün mütləq alternativ hökumət yaratmalıdır.
Bu barədə o, yutubda bloq yazısında bildirib.
  Alternativ hökumətin dərhal yaradılmasını təklif edən O. Soskinin sözlərinə görə, ölkədə alternativ güc mərkəzi yaranarsa, bu halda hazırkı lider Vladimir Zelenski, guya, “sıfıra vurulacaq” O, çox gec olmadan dayanmalıdır”.
Bunu deyən Soskin, ABŞ prezidentinin oğlu Hunterin korrupsiya qalmaqalları ilə əlaqədar Cozef Baydenin Kiyevə təsirinin qaçılmaz şəkildə itiriləcəyini proqnozlaşdırıb. Sabiq müşavirin sözlərinə görə, Amerika hakimiyyəti tezliklə Ukraynanı təmin etməyi dayandıracaq.
Xatırladaq ki, bir müddət bundan əvvəl Kuçmanın keçmiş müşaviri Zelenskini dövlətə xəyanətdə ittiham etməyə çağırmışdı. O, təklifini onunla izah edib ki, dövlət başçısı “soyqırım törədir və Ukraynanı məhv etmək istəyir”.

  Politoloq İlqar Vəlizadə isə “Sherg.az"a açıqlamasında   deyib ki,  indiki halda Ukraynada alternativ hökumət yaratmaq ideyası real deyil: 
“Hazırda Ukraynada hərbi vəziyyət  davam etdiyi üçün ölkənin Ali Baş Komandanına qarşı real  çıxışlar mümkün deyil. Amma bu kimi xəbərlərin yayılması onu göstərir ki, artıq Ukrayna daxilində Zelenskidən narazılıq edən qüvvələrin sayı çoxalıb. Xüsusən də, bəzi siyasi qruplar  Zelenskinin apardığı siyasətin təzadlı olduğunu dərk etməyə başlayıblar. Müharibə uzandıqca fəsadları dərinləşir. Bu da hakimiyyətə gəlmək istəyən siyasi qüvvələr üçün real zəmin yaradır. Onlar da Zelenskiyə qarşı sərt tənqidi fikirlər səsləndirməklə  siyasi arenada özlərinə  yer edirlər”. 

  Politoloqun sözlərinə görə, belə bir vəziyyətdə Ukraynada prezident seçkilərinin keçirilməsi də inandırıcı deyil: “Baxmayaraq ki, daxildə və  xaricdəki siyasi qüvvələr Ukraynada prezident seçkilərinin keçirilməsini istəyirlər. Onlar düşünür ki, V.Zelenski  hakimiyyətdən gedəndən sonra Rusiya ilə  aralıq sazişi bağlanmalı və müharibə dayandırılmalıdır.  Aydın məsələdir ki, Zelenski Rusiya ilə belə bir danışığa getməyəcək. Amma Zelenskini əvəz edəcək yeni prezident bu sazişin imzalanmasında maraqlı  ola bilər. Bu baxımdan  müharibənin dayanması üçün Ukraynada prezident seçkilərinin keçirilməsi və  Zelenksinin hakimiyyətdən uzaqlaşdırılması mühüm  şərtdir”.