Çiyin siyasəti və ya ağır yük: Hegemonluq uğrunda savaş bitməyib  - ŞƏRH

Paris Cənubi Qafqazda söz sahibi olmağa çalışır, alınmayacaq

Fransanın bu bölgə ilə coğrafi sərhədi, qoşunu, silahı olmadığına görə təsir imkanları sıfıra bərabərdir  


  44 günlük Vətən müharibəsində Azərbacanın qazandığı qələbəni həzm edə bilməyən Fransa xeyli müddətdir Qarabağ ərazisində qalan ermənilərlə bağlı problemləri Fransa diplomatiyası qarşısında ən önəmli məsələ kimi qoyub. Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, ermənilərə görə demokratik prinsipləri ayaqlar altına almağa adət etmiş Fransa yenidən öz ampluasındadır. Laçın yolunun  bağlı olmasına rəğmən Fransa şəhərləri 10 TIR-la Qarabağ erməniləri üçün “humanitar yardım” göndərib, hətta “yardımı” Paris meri şəxsən müşayiət edir. Bundan əvvəl – 26 iyulda Ermənistan 19 TIR-la 361 tonluq yardım göndərmişdi, sonra 2 TIR da əlavə olunub.  Hamısı da  sərhədimizdə sıralanıb Azərbaycandan razılıq gözləyir. 
  Bundan əlavə dəfələrlə Prezident və digər rəsmi şəxslər səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı açıq-aşkar hörmətsizlik edilib.  Fransa hesab edir ki, Ermənistanın mövqeyindən çıxış edərək Azərbaycana təzyiq siyasəti nəticə verəcək. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 tonluq un dolu “TIR”-lar yola düşər-düşməz Fransa Prezidenti Emmanuel Makronun ölkə başçısı İlham Əliyevə  telefon zəngi də bununla bağlıdır. Yəni Makron hesab edir ki,  Laçın yolunun açılması üçün Fransa  BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycana qarşı qətnamə qəbul etdirməyə çalışa bilər.
  Qeyd edək ki, Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva son zamanlar Fransada bir qrup siyasətçi, parlament üzvləri, bölgələrin nümayəndələri tərəfindən həyata keçirilən, fransız ictimaiyyətinin yanlış məlumatlandırılmasına xidmət edən anti-Azərbaycan kampaniyası, xüsusilə də bir qrup siyasətçinin Ermənistana göndərilən humanitar yardım maşınlarını müşayiət etmək niyyəti ilə bağlı açıq məktubla çıxış edib. Səfirliyin sosial şəbəkə platformalarında yayılan bu məktubda özünü Ermənistanın “dostu” kimi təqdim edən bu şəxslərin Fransadakı erməni diasporunun təsiri altında Azərbaycanı qaralamaq cəhdlərinə və ona qarşı, guya, “humanitar böhranın” yaradılması ilə bağlı tamamilə əsassız ittihamlar irəli sürüldüyünə diqqət cəlb edilir. Məşhur fransız filosofu Jan-Jak Russonun sözləri ilə “reallığın sərhədlərinin olduğu, xəyal dünyasının isə heç bir sərhəd tanımadığı” qeyd edilərək, bölgədəki reallığın sərhədlərinin beynəlxalq hüquq tərəfindən müəyyən edildiyi və məhz beynəlxalq hüquqa əsasən, Qarabağın Azərbaycanın suveren ərazisi olduğu vurğulanıb. Məktubda Azərbaycanın 2020-ci il müharibəsi nəticəsində öz ərazilərini azad etdiyi, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə hərbi işğal altında saxlanılan bu ərazilərdə törədilən misilsiz dağıntıların nəticələrinin aradan qaldırılması üçün Azərbaycan tərəfindən bərpa-quruculuq işlərinin həyata keçirildiyi, məhz Azərbaycanın Ermənistan ilə normallaşma prosesinin təşəbbüskarı olduğu, Laçın yolundakı mövcud vəziyyət, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq yol boyu təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin həyata keçirildiyi, o cümlədən sərhəd-keçid məntəqəsinin fəaliyyəti, habelə humanitar məqsədlər üçün istifadə edilməsi məqsədilə təklif edilən Ağdam-Xankəndi yolunun radikal erməni separatçıları tərəfindən blok edildiyi məlumat verilir. Fransız nümayəndələrin radikal erməni separatçılarını cəsarətləndirən bəyanatlarının Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyi və beləliklə də, beynəlxalq hüquq pozuntusu olduğu vurğulanıb. Müstəqil Azərbaycanın azad etdiyi ərazilərini yenidən qurduğu və bu ərazilərin reinteqrasiyasını həyata keçirdiyi, məhz Azərbaycan xalqının ölkənin gələcəyi ilə bağlı qərar verdiyi qarşı tərəfin diqqətinə çatdırılır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi nəzərdən keçirildiyi və onların ölkə Konstitusiyasının bütün vətəndaşlara verdiyi hüquqlardan istifadə edə biləcəkləri qeyd edilir.
  Məktubda bu müraciətin məqsədinin heç də “ermənipərəst” Fransız siyasətçilərinin Azərbaycan ərazilərinin işğal altında saxlanıldığı 30 il ərzində susqunluq nümayiş etdirdikləri kimi susmalarını tələb etməkdən ibarət olmadığını, əksinə, bu şəxslərin sülh, barışıq, reinteqrasiya naminə və münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında normallaşması üçün danışmaları, zamanında Fransa-Almaniya yaxınlaşmasının ölkəyə və bölgəyə verdiyi faydanı erməni dostlarına izah etmələri çağırışı əks olunur. Bölgənin gələcəyi üçün Azərbaycanın sülh istiqaməti yolunu seçdiyi, Ermənistan gələcək inkişaf ilə bağlı hansı istiqaməti seçmək qərarını verməli olduğu vurğulanıb.
  Maraqlıdır ki, Fransanın Azərbaycana qarşı  qərəzli siyasətinin arxasında nə  dayanır? Bu, ermənilərə dəstək vermək istəyidir, yoxsa ortada açıqlanmayan başqa məsələlər var?
  Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az"a açıqlamasında deyib ki, Fransanın daxili siyasətində erməni faktoru çox önəmlidir. 200 min erməni seçici istənilən namizəd üçün böyük fürsətdir:

“Digər məsələ  isə odur ki,  44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni nizam formalaşmağa başladı. Rusiya-Ukrayna müharibəsindən sonra da Qərb üçün regionda yeni fürsətlər yaranıb.  Fransa da  özünü dünya gücü hesab edir deyə Cənubi Qafqazda pay uğrunda savaş aparır. Ona görə də Azərbaycanın suverenliyini pozmaq bahasına regionda formalaşmış sistemi çökdürməyə  çalışır. Lakin Azərbaycan 30 illik işğala son qoyub öz ərazilərini azad edəndən sonra bölgədə Türkiyə, Rusiya və  Böyük Britaniya ilə əsaslı münasibətlər  yaranıb. Fransa isə  yeni nizamda kənarda qaldı. Çünki Cənubi Qafqazla  coğrafi sərhədi olmayan, burada qoşunu, silahı olmayan ölkənin təsir imkanları sıfıra bərabərdir. Hazırda Fransanın apardığı dava da bununla bağlıdır”. 
  Siyasi şərhçi Asif Nərimanlı da  Fransanın Azərbaycana təzyiq cəhdinin  çox səbəbi  olduğunu deyib. Onun sözlərinə görə, burada Fransadakı erməni diasporu/lobbisinin maraqlarının olduğu sirr deyil, eyni zamanda 44 günlük müharibədən sonra Cənubi Qafqazdan uzaq düşən Fransa Ermənistan üzərindən bölgədəki təsir imkanlarını gücləndirmək niyyətindədir: “Hərçənd bütün bunlar Fransanın hədəfinə çatmaq istiqamətindəki vasitələridir. Dünyanın güc mərkəzlərindən birinə çevrilmək istəyən Fransa Avropa İttifaqında əsas söz sahibi olmağa çalışır, xüsusilə çoxqütblü dünyanın yaranması perspektivi fonunda əsas hədəfi bu qütblərdən biri olmaqdır. Fransa və Almaniya Çinlə əməkdaşlıq müstəvisində Aİ-ni gücləndirmək, ABŞ/NATO çətiri altından çıxarmağa çalışsalar da, Ukrayna müharibəsi bu yolda ciddi maneələrdən biri oldu. Lakin hədəf dəyişməyib, bu prosesdə Fransaya Avrasiyanın nəqliyyat şəbəkələrində təsir imkanlarına nail olmaq lazımdır. Cənubi Qafqaz Avrasiyanın nəqliyat şəbəkəsində yeni əsas hablardan, xüsusilə aktual olan Orta dəhlizin keçid məntəqələrindən biridir. Fransanın Azərbaycan dəmir yollarını ələ keçirmək planı da Orta dəhlizin əsas habına nəzarət etmək planından qaynaqlana bilər. 44 günlük müharibədən sonra Fransanın bu hab üzərindən təsir imkanları xeyli zəiflədi, eləcə də perspektivdə buna nail ola biləcəyi gözləntisi də az görünür. Fransanın Azərbaycana təzyiq göstərmək cəhdləri də bölgə üzərindəki maraqlarından, perspektivi öz xeyrinə dəyişdirmək istəklərindən qaynaqlanır”.