Bölgədə geosiyasi əsəb müharibəsi gedir - ŞƏRH

Bu prosesdə əsla və əsla geriyə çəkilmək olmaz!

“Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ətrafında yaradılan şou üzərində açıq-aşkar siyasətlə məşğul olur”

  Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını saatlardır Bərdə şəhərində gözləyir. TIR-da Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndidə yaşayan ermənilərə yardım məqsədilə göndərilən ərzaq və qeyri-ərzaq məhsulları var. Bununla yanaşı, Ağdamdan sırf BQXK-yə məxsus TIR da keçməlidir. Lakin ermənilər həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınırlar. Ermənilərin bu anormal qərarı onların bölgədə guya "blokada"da olması ilə bağlı uydurma bəyanatları üst-üstə düşmür.
Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin erməniəsilli sakinlər üçün gətirdiyi ərzaq maşınının hələ də Bərdə rayonunda dayanmasının hələlik ehtimal üzərində qurulan iki səbəbi var. Ekspertə görə, onlardan birincisi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiyanın eyni adlı təsisatına təzyiq göstərməsi, ikincisi isə Azərbaycan ərazisindəki qondarma rejimin qalıqlarının sözügedən nəqliyyat vasitəsini Xankəndiyə buraxmaq istəməməsidir:

"Əgər Rusiyanın Qızıl Xaçına Beynəlxalq Qızıl Xaç Komitəsinin təzyiq göstərdiyini əsas götürsək, o zaman belə anlaşılır ki, Rusiyanın Qızıl Xaç Cəmiyyəti öz fəaliyyətində qanunvericiliyi, humanizm prinsiplərini deyil, Beynəlxalq Qızl Xaç Komitəsinin göstərişlərini əsas götürür. Rusiyanın Qızıl Xaç Cəmiyyəti ictimai təşkilatdır və 1867-ci ildən fəaliyyət göstərir. Əsasən, dövlət tərəfindən maliyyələşdirilir. Rusiya Qızıl Xaçının ianələr hesabına ən son layihəsi 2012-ci ildə, Krasnodar vilayətində reallaşdırılıb, vəssalam. Bu o deməkdir ki, son 11 il ərzində Rusiyanın Qızıl Xaç Cəmiyyəti istisnasız olaraq, Rusiya Federasiyasının dövlət büdcəsindən layihə adı ilə ayrılan vəsaitlər hesabına maliyyələşib. Yəni Rusiyanın Qızıl Xaç Komitəsinin Beynəlxalq Xaç Komitəsindən nə alacağı, nə də verəcəyi var. Bu səbəbdən maraqlı sual çıxır ortalığa. Rusiyanın Qızıl Xaç Cəmiyyəti hansı səbəbdən Beynəlxalq Qızıl Xaç Komitəsinin Qızıl Xaç və Qızıl Aypara Hərəkatının, beynəlxalq humanitar hüququn prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının suveren hüquqlarına zidd göstərişlərinə əməl etsin?!".
  Analitikin fikrincə, alt qatda ehtimal edilməyən başqa məqamlar da ola bilər: "Məsələn, Rusiya Qızıl Xaç Komitəsinin İdarə Heyətinin 17 üzvündən biri erməniəsilli Rusiya vətəndaşıdır. Cəmiyyətin mərkəzi ofisində adı üstündə olan və ya olmayan digər erməniəsilli şəxslər də çalışır. Bu baxımdan, yükün Xankəndiyə aparılmasının ləngiməsində “erməni barmağı” da müəyyən rol oynaya bilər. Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ətrafında yaradılan şou üzərində açıq-aşkar siyasətlə məşğul olur. Məsələnin bu tərəfi aydındır. O zaman Rusiyanın Qızıl Xaç Cəmiyyətinə nə gəlib? Bölgədə geosiyasi əsəb müharibəsi gedir və bu prosesdə əsla və əsla geriyə çəkilmək olmaz! Azərbaycan xalqı, immun sistemimizin vurub özündən kənara atdığı 5-10 “mikroorqanizm” istisna olunmaqla, son nəfərinədək dövlətin, Ali Baş Komandanın yanındadır. Bu mücadilədən də alnıaçıq çıxacağımıza əminəm!".