Şahzadə şamanla evlənəcək

O, mələklərlə ünsiyyət qura bilir

  Norveç şahzadəsi Marta Luis evliliyə hazırlaşır. Şahzadənin seçimi isə bu günlərdə bütün Norveçdə müzakirə, dedi-qodu mənbəyinə çevrilib. Səbəb, şahzadənin “adi” adamla deyil, bir şamanla evlənməyə hazırlaşmasıdır. “Sherg.az" “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, özünü şaman kimi təqdim edən bəy - Durek Verrett amerikalıdır. Şahzadənin toyunun gələn ilin yayında olacağı deyilir. Şahzadənin atası kral V Harald yeni kürəkəni ailələrinə qəbul etməkdən məmnun olduğunu söyləyib. Kürəkən də qəribə personadır. O, xalq təbabəti ilə müalicə üsulunu təşviq edir. D.Verrett pandemiya zamanında xüsusi medalyonların satışını təşkil edərək bunların, guya, koronavirusdan qoruduğunu iddia edirmiş. Şahzadə Martaya isə mələklərlə rabitə yarada bildiyini söyləyib. Şahzadə Marta da yeni nişanlısından məmnun görünür. Onlar xalq təbabəti üzrə ortaq biznes yaratmaq istəyirlər və buna görə şahzadə hətta krallıqdakı vəzifələrindən imtina da edib. Cütlük 2022-ci ilin iyun ayında nişanlanıb. Kral ailəsi isə toy barədə məlumatların yayılmasının ardından “Durek Verrettin ailəmizə daxil olmasının həyəcanını yaşayırıq və o böyük günü qeyd etməyi səbirsizliklə gözləyirik” ifadələrinin yer aldığı açıqlama ilə çıxış edib. Norveç dövlət televiziyası bu xəbəri paylaşaraq yeni kürəkənin Norveçə köçəcəyini və kral ailəsiylə birlikdə yaşayacağını bildirib. Kürəkən özünü Şamanlar nəslinin 6-cı nümayəndəsi hesab edir. İddia edir ki, bir dəfə ölüb-dirilib, 11 sentyabr olaylarının baş verəcəyini 2 il əvvəldən bilib. D.Verrett bəziləri tərəfindən şəxsinə yönəlmiş inamsızlığı qaradərili olmasıyla izah edir. Şahzadə Marta isə gələcək həyat yoldaşını dəstəkləyərək insanların “mələklərlə təmasa keçmələrinə” kömək edəcək məktəb açmaq istəyir. Bu fikirlərinə və davranışlarına görə də həm şahzadə, həm də gələcək həyat yoldaşı Norveçdə tənqid hədəfinə çevrilib. Şahzadə Marta bir dəfə evli olub. 2017-ci ildə həyat yoldaşından boşanıb. Şahzadənin keçmiş həyat yoldaşı Ari Behn yazıçı olub. Depressiyaya düşdüyü deyilən A.Behn intihar edib.