İndiki vəziyyətdə gərginlik heç bir dövlətin işinə yaramır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfər edib. Ərdoğan Yunanıstan Baş naziri Kiryakos Miçotakislə görüşü zamanı bildirib ki, Türkiyə Yunanıstanla hazırkı problemləri beynəlxalq hüquq çərçivəsində konstruktiv dialoq, mehriban qonşuluq siyasətinə əsaslanaraq həll etmək istəyir. Türkiyə lideri qeyd edib ki, Egey dənizi dostluq və əməkdaşlıq dənizi olmalıdır. Ərdoğan həmçinin, onu da əlavə edib ki, Kipr məsələsi adadakı reallıqlara əsaslanaraq həll edilməlidir. Türkiyə Prezidenti Miçotakislə növbəti görüşün Ankarada keçiriləcəyini də bildirib. Ərdoğan Yunanıstan ərazisində yerləşən terrorçuların sığınacağı olan Lavrion düşərgəsinin bağlanmasını müsbət qiymətləndirərək, oxşar düşərgələrin yaradılmasının qarşısını almaq üçün ehtiyatlı addımlar atmağın lazım olduğunu vurğulayıb.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Sherg.az”a bildirib ki, Türkiyə-Yunanıstan arasında son dönəm gərgin xəttlə inkişaf edən münasibətlər formalaşmışdı. Professor qeyd edib ki, iki ölkə arasında əlaqələrin gərgin müstəvidə qalmasının səbəbləri - "adalar məsələsi", Kıbrıs problemi və bölgə ilə bağlı digər məqamlar olub:
"Ötən günlərdə Afina-Ankara münasibətlərini gərginləşdirən hadisələr də baş verdi. Məsələn, Yunanıstan sürətli silahlanmaya getdi. Ölkədə ABŞ-yə məxsus hərbi bazalar artırıldı. Lozan anlaşmasını pozaraq adaları da silahla təchiz etməsi və s. məsələlər ikili əlaqələri daha da korladı. Türkiyə Prezidenti R.T.Ərdoğanın 6 ildən sonra ilk dəfə Yunanıstana yüksək səfər etməsi, görüşlər keçirməsi, verilən mesajlar iki ölkənin münasibətlərinin normallaşdırılmasına hesablanıb. Türkiyə üçün əsas məsələlərdən biri Egey dənizində beynəlxalq hüquq çərçivəsində məsələnin həll edilməsidir. Eyni zamanda Kıbrısdakı reallıqlara əsaslanaraq ikidövlətli sistemə keçilməsi, bunun qəbul edilməsi məsələsidir. Düşünürəm ki, atılan addımlar ikili əlaqələrə müsbət təsir göstərəcək. Əlbəttə, münasibətlərin qısa zamanda normallaşacağını söyləmək çətindir. Ən azından hər iki dövlət, xüsusən Türkiyə bu sahədə zəruri addımlar atır. Çünki gərginlik heç bir dövlətin işinə yaramır. NATO çərçivəsində müttəfiq olan iki dövlətin gərgin münasibətdə olması xoş deyil".