Analitik: Ermənistan Qərbin əlində geosiyasi alətə çevrilir

Erməni cəmiyyəti ölkədə AB-nin monitorinq missiyasının artmasına sevinməməlidir


  Ermənistan və erməni cəmiyyəti ölkədə AB-nin monitorinq missiyasının artmasına sevinməməlidir, əslində o, ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək. Bu sözləri erməni politoloq Vahe Ovannisyan deyib. Ovannisyan bildirib ki, əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi. O, Ermənistan rəhbərliyinin, xüsusən də, xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi “Ermənistan Avropanı qəbul etməyə hazır olduğu qədər ona yaxın olmaq istəyir” yanaşmasını primitiv və sadəlövh adlandırıb: “Bəzi ölkələrin acınacaqlı təcrübəsi var ki, bu yolu tutub, sonra son dərəcə ağır nəticələrlə üzləşib. Ən parlaq nümunə Ukraynadır. Əfqanıstan təcrübəsi var: amerikalılar demək olar ki, bir gündə oranı tərk etmək qərarına gəldilər və bununla da amerikalılara sona qədər inananları ölümə məhkum etdilər. Avropa və ABŞ-nin ən yaxşı dostu Mixeil Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdır - o, Gürcüstan həbsxanasındadır”. Ovannisyan vurğulayıb ki, Bakının strateji planları var və son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib. O hesab edir ki, Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir: “Ermənistan ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Qərbin əlində geosiyasi alətə çevrilir”. Qeyd edək ki, Ermənistanda AB müşahidəçilərinin sayının 138-dən 209-a qaldırılması haqda qərar qəbul edilib.
  
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, Avropa İttifaqı Ermənistanda müşahidəçilərinin sayını artırmaqda məqsədin Azərbaycanla sərhəddə sabitliyi qorumaq olduğunu deyib. Analitik vurğulayıb ki, Azərbaycanın Ermənistanla sərhəddə hansısa hərbi planı yoxdur: 
"Xüsusilə Qarabağda erməni separatizminin ləğvindən və Zəngəzur dəhlizinin İran marşrutuna köçürülməsi qərarından sonra heç bir hərbi plandan söhbət getmir. Hətta Bakı Qərbdə “Azərbaycan Ermənistana hücum edəcək” ittihamlarının istinadən nöqtəsi olan Zəngəzur dəhlizinə marağının itdiyini elan etmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Aİ-nin Ermənistandakı fəaliyyətində “Azərbaycan təhlükəsi” səbəb kimi qalır". 

  Ekspertin qənaətincə, müşahidə missiyasının bölgəyə gətirilməsi və sayının artırılmasında əsas hədəfin Ermənistanda Rusiyanın “təhlükəsizlik rolunu” əvəzləmək, rusları sıxışdırmaq olduğu bəllidir: 
"Lakin bu hədəfə çatmaqda səbəb kimi Azərbaycanın seçilməsi müəyyən riskli perspektivlər də vəd edir, xüsusilə Ermənistanın təhlükəsizliyində Aİ-nin Rusiyanı əvəzləməsi və missiyanın effektivliyinin isbat edilməsi üçün eskalasiya ssenarisinə “ehtiyacın” ola biləcəyi fonunda. Aİ missiyasında sayın artırılması qərarındakı əsas yenilik isə prosesə ilk dəfə ittifaq üzvü olmayan NATO ölkəsinin - Kanadanın iki müşahidəçi ilə qoşulmasıdır. Bu, NATO-nun “müşahidə missiyası” adı altında bölgəyə daxil olmaq istəyi haqda da ehtimallar yaradır".