İndiki müharibə ilə insanlar HƏMAS-dan qurtulsalar həyat onlar üçün daha sakit və təhlükəsiz olacaq
İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib ki, Qəzza zolağında HƏMAS-ın idarəetmə sistemi çökməyə başlayıb. Onun sözlərinə görə, son günlərdə daha çox militanın öldüyünü və ya təslim olduğunu görürlər. ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud isə deyib ki, Amerika Qəzza zolağında dərhal atəşkəs çağırışlarını dəstəkləmir, çünki bu, növbəti müharibənin toxumlarını səpəcək: "Birləşmiş Ştatlar həm israillilərin, həm də fələstinlilərin təhlükəsiz yaşaya biləcəyi davamlı sülhü qəti şəkildə dəstəkləsə də, biz dərhal atəşkəs çağırışlarını dəstəkləmirik. Bu yalnız növbəti müharibənin toxumlarını səpəcək, çünki HƏMAS qalıcı sülh və ikidövlətli həll görmək istəmir”.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, İsrail güclü tərəf kimi ona edilmiş hücuma qeyri-adekvat və hədsiz dərəcədə aşırı güc tətbiq etməklə Qəzzada bir daha özünə təhdid olmayacaq vəziyyətə nail olmağa çalışır. Ekspertin sözlərinə görə, elə mənzərə yaranıb ki, sanki tərəflərdən biri yox olana kimi müharibə davam edəcək:
"İsrailin istəyinə görə HƏMAS birfədəlik bitməlidir. Hesab edirəm ki, bu da olacaq. Çünki bunu tək İsrail yox, ətraf ərəb ölkələrinin əksəriyyəti də istəyir. Ona görə də İsrail əminliklə hərəkət edir. Əlbəttə, sivil insan ölümləri məsələnin acı tərəfidir. Lakin indiki müharibə ilə insanlar HƏMAS-dan qurtulsalar həyat onlar üçün daha sakit və təhlükəsiz olacaq. Nisbi anlayış olsa da, reallıq budur. Əks halda problemin həlli tam şəkildə mümkünsüz görünür. İsrail istəyinə nail olarsa, Yaxın Şərqdə stabilliyin yaranacağı mütləqdir. Ən azı Qəzza zolağında sabitlik formalaşa bilər".