Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib

Bu günədək Qəzzadan Türkiyəyə 1 149 nəfər təxliyə edilib. Təxliyəsini gözləyən digər vətəndaşlarımızı da yaxın günlərdə təhlükəsiz şəkildə ölkəmizə gətirməyi hədəfləyirik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyədə ölkə maraqlarına əsaslanaraq həyata keçirilən müstəqil xarici siyasət dövləti beynəlxalq gündəmi müəyyən edən və yerləşdiyi kritik coğrafiyalarda təsir yaradan bir faktora çevirib. Türkiyənin Xarici İşlər Nazirliyi bu çağırışları nəzərə alaraq strateji hədəflərini “Regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi”, “Ölkənin xarici əlaqələrinin institusional əsaslarını yeni ittifaqlar və tərəfdaşlıq mexanizmləri vasitəsilə genişləndirmək”, “Bölgədə iqtisadi inkişafı və rifahı yaxşılaşdırmaq” və “Qlobal sistemin transformasiyasına təsir etmək” olmaqla dörd əsas nöqtəyə istiqamətləndirib.

Rusiya-Ukrayna qarşıdurmasına toxunan Fidan qeyd edib ki, müharibənin yaratdığı mənfi konyukturaya baxmayaraq, Türkiyə Rusiya və Ukrayna ilə milli maraqlar və beynəlxalq öhdəliklər əsasında ikitərəfli əməkdaşlığı davam etdirir.

Nazir ölkəsinin münaqişə tərəflərini Türkiyədə bir araya gətirmək üçün münasib şərait axtarmağa davam edəcəyini bildirib.

Taxıl dəhlizi məsələsi haqqında fikrini bildirən nazir qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi və Qara dənizdə sabitliyin qorunmasında əsas rol oynayan, eləcə də dünya bazarlarına 33 milyon ton taxıl çatdıran Qara dəniz dəhlizinin canlandırılması istiqamətində səylərin intensiv şəkildə davam etdiyini deyib.

Avro-Atlantik coğrafiyasında müttəfiqlik və ikitərəfli münasibətlərin son 70 ildə Türkiyənin xarici siyasətinin mühüm mövzularından biri olduğuna diqqət çəkən Fidan ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesini inkişaf etdirmək əzmində olduğunu deyib.

Bunun baş verməsi üçün Aİ-nin də lazımi iradə nümayiş etdirməli olduğunu qeyd edən Fidan ittifaqın bəzi üzvlərinin dar maraq hesablamalarının yaratdığı strateji baxış və sağlam düşüncə çatışmazlığından qurtulmasının vacibliyini vurğulayıb.