Qərbin “rəngli inqilablar” metodu: Belqradda hakimiyyətə təzyiq olunur?

Belqradda müxalifətin etirazları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət yalnız seçkilər vasitəsilə dəyişir".
Bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.
Prezidentin çıxışından sonra “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə başlayıblar.
Onlar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar səsləndirib, administrasiyanın binasına daş atıb və ora basqın etməyə cəhd ediblər. Aksiyalar zamanı iki polis əməkdaşı yaralanıb.
Müxalifət tərəfdarları hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın şəhər məclisi seçkilərində qalib gəlməsinə etiraz edib.

Hadisə barədə “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Serbiyada baş verən hadisələr bu gün bütün dünyanın diqqət mərkəzindədir: 

“Prezident Vuçiçin açıqlamaları göstərir ki, bu cür ixtişaşlar və nümayişlər Belqrad hakimiyyətinə qarşı təzyiq alətidir. Bu gün Rusiya Ukrayna müharibəsi fonunda Serbiya müstəqil siyasət yürüdürək öz geosiyasi seçimini edir. Məhz sözügedən xüsusda Serbiyaya qarşı təzyiq və təhdidlər çoxalmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, bunu Kosovanın müstəqilliyini tanımağa məcbur etmək kompaniyası kimidə anlamaq mümkündür. Oktyabrda Fransa və Almanya liderləri açıq şəkildə Belqradı Kosovanın müstəqilliyini tanımağa çağırırdılar. Bu bir daha göstərir ki, Qərbin “rəngli inqilablar” həyata keçirmək metodologiyaları hələ köhnəlməyib”. 

İ.Hüseynov hazırda Ukraynada baş verənlərin də əsas səbəbkarının Qərb olduğunu söyləyib:
“Ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. Vaxtıilə Azərbaycana qarşıda eyni üsullardan istifadə etməyə çalışıblar. İllər boyu Azərbaycanı işğal faktı ilə barışmağa məcbur edirdilər və rəsmi Bakıya qarşı məkirli siyasət yürüdürdülər. Dünyada baş verən digər hadisələr nümunəsində açıq şəkildə Qərbin siyasi xəttinin dəyişməz olaraq qaldığının şahidiyik. Qərbin diqtəsi ilə həyata keçirilən ixtişaşlar hakimiyyətləri zəiflətmək naminə edilən siyasi addımlar geniş füsət almaqdadır. Bu səbəbdən Azərbaycan daha güclü, dayanıqlı və möhkəm təməllər üzərində öz xarici siyasətini formalaşdırmalıdır”.