Lavrov: Ermənistandakı Rusiya bazasının məqsədəuyğunluğu barədə müzakirələr zərərlidir

Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.

"Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb. ”, - nazir qeyd edib.

Lavrov qeyd edib ki, bu gün Rusiya ordusu “bu regionda sülhün təmin edilməsində əsas elementdir”.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.