Lavrov hədələdi: Bu, İrəvan üçün zərərlidir!

Rusiya hərbi bazası razılaşmaya uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində məqsədəuyğunluğunu müzakirə etmək zərərlidir.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına əsasən TASS-a eksklüziv müsahibəsində deyib.

“Ermənistan ərazisindəki 102-ci Rusiya hərbi bazasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Ordunun orada yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və dövlətlərimizin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə dair ümumi məqsədlərinə əsaslanaraq imzalanıb”, - o bildirib.

Lavrov onu da qeyd edib ki, İrəvan Qərbin təlqininə uyaraq, Moskva ilə müttəfiqliyini qeyri-müəyyən vədlərlə dəyişməyə çalışır:

“Təəssüf ki, rəsmi İrəvan qərblilərin təlqininə uyaraq öz xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Moskva ilə zamanın sınağından çıxmış ittifaqı hətta Qərbdən konkret yardıma deyil, yalnız qeyri-müəyyən vədlərə dəyişir. Strateji dönüş kursuna haqq qazandırmaq üçün respublikanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışır. Biz dəfələrlə Rusiyanın narahatlığını açıq şəkildə demişik, indi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur”.