Sərnişin təyyarəsi donmuş  çaya endi!

Rusiyanın Yakutiya vilayətində Yakutsk-Zıryanka-Srednekolımsk marşrutu ilə uçan Polar Hava Yollarına məxsus AN-24 tipli keçmiş Sovet İttifaqına məxsus sərnişin təyyarəsi Zıryanka hava limanının yanındakı donmuş Kolima çayına enib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Rusiya Federal Aviasiya Agentliyindən verilən açıqlamada sərnişinlərin təhlükəsiz şəkildə təxliyyə edildiyi, xəsarət alan olmadığı və təyyarəyə ziyan dəymədiyi bildirilib.
Bildirilib ki, hadisə yerinə ekspert qrupları göndərilib və ilkin məlumata görə, çaya eniş pilotun səhvi ucbatından baş verib, pilot uçuş-enmə zolağı əvəzinə donmuş çaya düşüb. Təyyarədə 30 sərnişin və 4 ekipaj üzvünün olduğu bildirilib.
Yerli media bildirir ki, pilot donmuş qarla örtülmüş çayı uçuş-enmə zolağı ilə səhv salıb və yerə enib.
Şərqi Sibir Aviasiya Prokurorluğu və Yakutiya Nəqliyyat Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.