Nüvə silahı: ABŞ-Şimali Koreya savaşı gözlənilir?

imali Koreya lideri Kim Çen İn ABŞ-ın misli görünməmiş qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün hərbi, sursat sənayesi və nüvə sektoruna müharibə hazırlığını gücləndirməyi əmr edib.
Bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Yeni il öncəsi hesabatla çıxış edən və siyasi istiqamətləri müəyyənləşdirən Kim Çen Pxenyanın imperializmə qarşı olan müstəqil ölkələrlə strateji əməkdaşlığı genişləndirəcəyini vurğulayıb.
Həmçinin Kim Çen orduya və döyüş sursatları, nüvə silahları və mülki müdafiə sənayesinin müharibə hazırlıqlarını daha da sürətləndirmək göstərişi verib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Şimali Koreya və ABŞ arasında hərbi-siyasi qarşıdurma uzun müddətdir ki, davam edir: 
“Rəsmi Pxenyan ABŞ-ın ən iri şəhərlərinə zərbə endirə biləcəyi ilə təhdid edir. Ağ Ev isə Şimali Koreyanın təhdidlərini ciddiyə almaqla yanaşı, həm də narahat olduğunu da biruzə verir. Çünki Şimali Koreya kütləvi qırğın silahlarına sahibdir. Bu ölkə "nüvə dövlətləri klubu"na da daxildir. Ona görə də, Ağ Ev rəsmi Pxenyan ilə maksimum səviyyədə ehtiyatlı davranmağa üstünlük verir. Ağ Evdə hesab edirlər ki, Şimali Koreya hər an ABŞ-a nüvə zərbəsi endirə biləcək real təhlükə mənbəyidir”.


Politoloq hazırda rəsmi Pxenyanın ABŞ-ın ən yaxın müttəfiqləri sırasında yer alan Cənubi Koreya və Yaponiyanı açıq şəkildə təhdid etdiyini qeyd edib:
“Şimali Koreya bu iki ölkədən ərazilərdə olan ABŞ hərbi bazalarının ləğvini tələb edir. Ona görə də, Şimali Koreya ABŞ-la yanaşı, bu iki dövlətlə də hərbi-siyasi qarşıdurma vəziyyətindədir. ABŞ və müttəfiqlərinə qarşı rəqabətdə Şimali Koreya əsasən Rusiya və Çin tərəfindən dəstəklənir. Yəni, Şimali Koreya Rusiya və Çindən razılıq almadan ABŞ ilə savaşa başlamaz. Çünki Şimali Koreya və ABŞ arasında yalnız nüvə müharibəsi baş verə bilər. Belə bir nüvə savaşı isə hazırda Rusiya və Çinin maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan, ABŞ-Şimali Koreya müharibəsi hələlik o qədər də inandırıcı görünmür. Bunun mümkünlüyünü hazırda yalnız nəzəri cəhətdən ehtimal etmək olar”.