Bursada şəhid mayor Anar Novruzov adına park salınacaq

Türkiyənin Bursa vilayətinin Gürsu rayonunda şəhid mayor Anar Novruzov adına park salınacaq.

Bu barədə AZƏRTAC-a layihənin təşəbbüskarı, Bursada fəaliyyət göstərən “Gələcəyin İnsanları və İmkanları Məkanı “Azərbaycan Deyincə” Dərnəyi”nin (GİM AZDER) sədri Hüseyn Vəliyev məlumat verib.

Bildirilib ki, parkın yaradılması ilə bağlı Gürsu Bələdiyyəsinin Məclisi tərəfindən qərar qəbul edilib.

Dərnək sədri yaxın zamanlarda bir neçə digər qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi üçün yeni layihələrin imzalanmasının da nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, GİM AZDER Dərnəyinin təşəbbüsü ilə Vətən müharibəsi dövründə Bursanın Osmanqazi Bələdiyyəsi tərəfindən bir parka və Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən şəhərin mərkəzi prospektlərinin birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib. Bununla yanaşı, yenə qeyd edilən dərnəyin təşəbbüsü ilə Bursa Vilayətinin Karacabəy və Keles rayonlarında Azərbaycanın Milli qəhrəmanları Şirin Mirzəyev və Məzahir Rüstəmovun adlarına parkların açılışı olub.