ABŞ - İran münasibətləri: Vəziyyət məcradan çıxır

ABŞ İranla münaqişəyə can atmır. Bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.
"İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik", - o deyib.
Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir.

İranla ABŞ münasibətlərində yaranan gərginliyi "Sherg.az" üçün dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, bu gün İranın beynəlxalq münasibətlər sistemində tutduğu mövqe Tehrana qarşı xeyli müxalif qüvvələrin yetişməsinə səbəb olub:
"Hazırda İranın dünya üzrə münasibətlərinin normal və ya yaxşı olduğu ölkə sayı olduqca azdır. Bu səbəbdən  Tehrana qarşı olan qüvvələr İran daxilində  gərginliklərin artmasında maraqlıdırlar. Həmin qüvvələrin İran daxilində birsıra hadisələr törədərək, gərginlik yarada biləcəyi də istisna deyil". 

Politoloq son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını vurğulayıb:
"İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə “Hizbullah”ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir. İran İsrail və ABŞ la olan gərginlikdən istifadə edərək Kirman şəhərində baş verən partlayışın arxasında onların durduğunu söyləyir. Doğrudur,  hadisənin böyük qlobal toqquşmaya gətirib çıxaracağını fikirləşmirəm. Lakin  aqressivlik və gərginlik daha da artacaq. Düşmənçilik məsələsində də radikallaşma güclənəcək. Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm”.