Yuxarı Lars bağlanıldı: Rusiya-Ermənistan arasında gərginlik alovlanır?

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu Yuxarı Larsdan yük maşınlarının keçidi növbəti dəfə qadağan edilib.
Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib.
Onun sözlərinə görə, minik avtomobilləri yolun müəyyən edilmiş hissəsi ilə hərəkət edə bilər.
Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumata görə, qadağa əlverişsiz hava şəraiti ilə əlaqədar tətbiq edilib.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb", - məlumatda deyilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Samir Hümbətov bildirib ki, MDB dövlət başçılarının görüşündə Paşinyanın iştirakından dərhal sonra sözügedən yol açıldı:

"Hazırda yenidən yolun bağlanılması 2 səbəbdən ola bilər. Birincisi həqiqətən əlverişsiz hava şəraiti ilə əlaqədar. İkincisi isə Rusiya və Ermənistan arasındakı gərginlik konteksində siyasi addım. Hesab edirəm ki, hazırkı qərar qış zamanlarında havanın kəskin soyuqlaşaraq, nəqliyyatın fəaliyyətinə çətinlik yaratması ilə bağlıdır. Orada minik avtomobillərinin işləməsinə icazə verilir. Sadəcə böyük yük maşınlarına icazə verilmir".