Volfqanq İşinger: Avropa İttifaqına qəbul prosesi sadələşdirilməlidir

Dünyanın on il bundan əvvəlki situasiyası ilə indiki situasiyası fərqlidir.

Bunu Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə zamanı deyib.

"Artıq bizim qitədə müharibə davam etməkdədir və bu digər münaqişələri də alovlandırır. Bu, utancverici faktdır", - o əlavə edib.

İşinger bildirib ki, Qərbi balkanlar 2003-cü ildən etibarən verilən vədlərin yerinə yetirilməsini gözləyir: "20 il keçib, hələ də gözləyirik. Hesab edirik ki, Avropa İttifaqına qəbul prosesi bir daha nəzərdən keçirilməli, sadələşdirilməlidir. Niyə Bosniya kimi ölkələr bu qədər zaman gözləməlidir? Bütün rəsmi tədbirlərdə iştirak edək, edirik, amma üzvlüyə gəldikdə heç bir şey edilmir".

Fond rəhbərinin sözlərinə görə, Avropanın ümumi ideyası inteqrasiya prosesini özündə ehtiva edib: "İndiki Avropa İttifaqı ilkin Avropa İttifaqından çox fərqlidir. Lissabon sazişinə istinad etsək, orada üzvlərin qəbulu ilə bağlı heç bir əngəl yoxdur".