Ermənistanda etirazçı azlıq dirəniş göstərə bilməyəcək -POLİTOLOQ

4 kəndin Azərbaycana təhvil verilməsi prosesinə start verilib

Ermənistan cəmiyyətinin əksər hissəsi də Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir
  

  Qazaxın 4 kəndi qan tökülmədən qayıdır. Sərhəddə ərazi mübadiləsi baş verir. Qalan kəndlər artıq start götürmüş sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin mövzusu olacaq.  İlk dəfədir münaqişə tərəfləri qan tökmədən ərazi problemlərini həll edirlər. Qazaxın 4 kəndi qaytarıldıqdan sonra Azərbaycanla Ermənistan arasında ilk dəfə delimitasiya olunmuş dövlət sərhədləri olacaq. Qazaxın kəndlərinə bitişik Ermənistan ərazilərində Ermənistan silahlı qüvvələri deyil, Ermənistan sərhədçiləri xidmət aparacaq.
Artıq Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə ölkələrin ekspert qrupları yerlərdə aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Ermənistanla Azərbaycan arasında ilk sərhəd dirəyi basdırılıb. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Almatı bəyannaməsinə əsaslanacaqlar. Həmçinin də  həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. İlk dirəyin basdırılması tərəflər arasında sülh sazişinin imzalanmasına, normallaşmaya ümidi artırır. Bu tarixi addım tərəflərin aralarında olan mübahisəli məsələləri dinc yolla həll etməyin mümkünlüyünün göstəricisidir. Delimitasiya prosesi Azərbaycanla Ermənistan arasında yeni müharibənin, yaxud silahlı münaqişənin başlaması ehtimalını da azalda bilər. Dövlət başçısı bununla da rəsmi Bakının sülhlə bağlı mövqeyini bir daha açıqlayıb: “Tərəflər arasında sülh prosesinin başlamasına ümidlər Ermənistanın işğal altında saxladığı Azərbaycanın dörd kəndi qaytarıldıqdan sonra yaranıb”.
  Ali Baş Komandanımız özünün də hər dəfə  dediyi kimi nəyi, nə zaman edəcəyini hər kəsdən yaxşı bilir. Müdrik və düzgün  siyasət yeridən cənab Prezident yaranmış beynəlxalq siyasi vəziyyətdən məharətlə istifadə edərək işğal altında qalan bütün torpaqlarımızı azad etdi. Əldə olunmuş bu razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın və Prezident İlham Əliyevin növbəti qələbəsidir. Bu, yorulmaz, arıdıcıl, sistemli fəaliyyət nəticəsində baş tutdu. Ermənilərin Qazaxın 4 kəndini Azərbaycana qaytarmaq niyyətləri yox idi. Kəndlərlə bağlı Ermənistan hökumətinin çıxış yolunun olmamasını başa düşməsi -  kəndlərin qaytarılması ilə bağlı razılığın əldə olunması ilə nəticələndi.
  Qeyd edək ki, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyilə Azərbaycan  və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. 

  Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov da  Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması məsələsinin çox vacib və daim gündəlikdə olan məsələ olduğunu deyib: 

“Ötən ayın əvvəlində  Şahin Mustafayevin ofisindən verilən məlumatda da qeyd edilmişdi ki, hazırda  4 anklav olmayan kəndin dərhal qaytarılması, digər 4 kəndin  isə delimitasiya prosesinin gedişində  qaytarılması istiqamətində müzakirələr gedir. Həmin vaxtdan bu məsələ  Ermənistan tərəfində də ciddi müzakirə predmetinə çevrildi. Etirazlar başladı. Lakin bu etirazlara rəğmən 4 kəndin Azərbaycana təhvil verilməsi prosesinə start verilib. Çünki delimitasiya və demarkasiya prosesinə mane olmaq istəyən marginal qüvvələrin prosesə heç bir təsiri yoxdur. Bildiyiniz kimi də aksiyaçılar  artıq polis tərəfindən  nəzarətə alınıb. Kənardan gələn  aksiya təşkilatçıları saxlanılıb.  Ümumiyyətlə, Ermənistanın radikal müxalifətinin Baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməsinə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı satqınlıqda ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçikmiqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür və Azərbaycanla məsələlərin həllini istəyir.  Təsadüfi deyil ki, erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar”.
  
Politoloqun sözlərinə görə, 4 kəndin Azərbaycana qaytarılması istiqamətində proses sürətli getsə də, Azərbaycan-Ermənistan arasındakı dövlət sərhədlərinin delimitasiya-demarkasiya prosesi çox uzun zaman aparacaq:
 “Azərbaycanla Ermənistanın sərhədləri 1000 kilometr məsafəni əhatə edir. Ərazilər də çətin relyef şəraitinə malik olduğundan sərhədlərin dəqiqləşdirilməsi heç də qısa müddətlik  bir iş deyil. Sonrakı mərhələdə isə proseslər sülh bəyannaməsinin imzalanmasına yönələcək. Bunun üçün də  qarşıda duran maneələr var. Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı əngəlləri və  Ermənistan Konsitutsiyasında dəyişiklik edilməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmalıdır”.