3 uşağını sağlam böyüdür

Behcət təbii məhsul əldə etmək üçün torpağı becərir
 
 Günümüzdə təbii, geni dəyişdirilməmiş qidalar tapmaq çətindir. Hətta kənd yerlərində də məhsul yetişdirmək üçün kimyəvi maddələrdən, süni gübrələrdən, dərmanlardan istifadə olunur.  İlqim şərtləri sərtləşdiyindən təbii məhsul yetişdirmək mümkünsüz hal alıb. Türkiyənin Yozqat bölgəsində yaşayan Behcət Karabulut isə övladlarını sağlam böyütməyi qarşısına məqsəd qoyub və təsərrüfat işlərinə, meyvə-tərəvəz yetişdirməyə başlayıb.
  “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, 32 yaşlı Behcət Karabulut 3 uşaq atasıdır. Behcət təbii məhsul əldə etmək üçün torpağı becərir. Bu işə məcbur qalaraq qoşulduğunu söyləyən Behcət indiki zamanda kimyəvi gübrəsiz, dərmansız, saf meyvə-tərəvəz tapmağın çətin olduğunu, bu səbəbdən də özünün əkinçiliyə başladığını deyib.  “Süfrələrimizdə ziyanlı və zəhərli nə qədər qida var. Buna son verə bilərik. Təbii məhsullar sıradan çıxarılır, əvəzində dərmanla, süni gübrələrlə yetişdirilən meyvə-tərəvəzi, kimyəvi qatqılı qidaları bizə təklif edirlər. Qərara gəldim ki, mən bu yoldan dönəcəyəm. Uşaqlarıma təbii qidalar yedirəcəm. Süni qidalar bizi xəstələndirir, xəstəxana dəhlizlərində bir baxın, nə qədər xərçəng xəstəsi var. Tərəvəzçilikdə istifadə olunan zəhərli maddələr ömrümüzü qısaldır. Biz də onları alıb evimizə gətirir, süfrəyə qoyuruq, övladlarımızı da zəhərləyirik” söyləyən Behcət meyvə-tərəvəz becərərkən təbii toxumlardan istifadə etdiyini deyib. Təbii toxumlar bol məhsul vermir, deyək ki, bir budaqda 10 deyil, 3-4 pomidor yetişir,  amma əvəzində təbiidir, zərərsizdir, həm də çox dadlıdır, faydalıdır. İndi bəzi fermerlər alışıb ki, pomidor şitilləri qısa zamanda boy atsın, bir budaqda 10-15 pomidor yetişsin. Bu, zərərlidir, xəstəlikdir. Az olsun, amma təmiz məhsul olsun. Behcət yetişmiş məhsuldan toxum tutur. Dədə-baba üsulu ilə əkir, becərir. Bazardan şitil almır, özü toxum əkərək məhsul yetişdirir. Behcət torpağı necə becərdiyini “Gələcək torpaqda” adlı Yutub kanalında anladıb. Təbii gübrə kimi soxulcanlardan istifadə etdiyini deyib. Soxulcan gübrəsini də mənzilinin eyvanında yetişdirir. Bu gübrədən istifadə edərək ailəsi, övladları üçün saf meyvə-tərəvəz yetişdirir.