ABŞ Polşaya 2 milyard dollar kredit ayıracaq

ABŞ administrasiyası F-35 qırıcıları, "Patriot" zenit-raket kompleksləri və "Abrams" tankları da daxil olmaqla Amerika silahlarının alınmasına kömək etmək üçün Polşaya 2 milyard dollar kredit ayırmağa qərar verib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dovlət Departamentinin mətbuat katibi Metyu Millerin açıqlamasında bildirilib.

"Birləşmiş Ştatlar bu gün hərbi ehtiyaclar üçün digər ölkələrə maliyyə yardımı çərçivəsində Polşa ilə 2 milyard dollarlıq ikinci saziş imzaladığını elan edir", - deyə bildirilib. Qeyd edilib ki, Polşa "F-35 təyyarələri, "Patriot" raket sistemləri və "Abrams" əsas tanklarının alınması daxil olmaqla, böyük hərbi modernləşdirmə proqramını həyata keçirir".

M.Miller vurğulayıb ki, Polşanın müdafiə xərcləri hazırda ÜDM-nin 4%-ni təşkil edir ki, bu da NATO üzvləri arasında ən yüksək göstəricidir.