Lekornu erməni səfirlə hərbi yardımı müzakirə etdi

Oktyabrın 16-da Ermənistanın Parisdəki səfiri Asmik Tolmacyan Fransa müdafiə naziri Sebastyan Lekornu ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyindən məlumat verilib.
“Görüşdə Lekornu və Tolmacyan Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığın gedişatı və dərinləşdirilməsi perspektivləri, o cümlədən Ermənistan müdafiə naziri Suren Papikyanın Fransaya qarşıdakı səfərinin gündəliyi barədə ətraflı danışıblar. Tolmacyan Lekornuya Ermənistan və Fransa arasında dostluğun möhkəmləndirilməsi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair prinsipial öhdəliyinə, eləcə də bu istiqamətdə atılan addımlara görə minnətdarlığını bildirib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, görüşün sonunda Lekornu Fransada diplomatik fəaliyyəti zamanı əldə etdiyi mühüm nailiyyətlərə və Ermənistan-Fransa münasibətlərinin möhkəmlənməsinə mühüm töhfəyə görə Tolmacyana Müdafiə Nazirliyinin “Milli Müdafiə” medalını verib.