Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ona çatıb.

“Report” xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov teleqramda bildirib.

“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və on nəfər ölüb”, – məlumatda qeyd olunub.

Bundan başqa, Baş Prokurorluğa görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.

Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.

21:26
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər ölüb, yaralıların olduğu bildirilir.

“Report” xəbər verir ki, bu barədə Zaporojye vilayət dövlət administrasiyası və şəhər şurası sosial şəbəkədə məlumat yayıb.

Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00) radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və texniki qulluq stansiyasının yandığını qeyd edib.

Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.

Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.