Ukrayna Rusiya ilə danışıqlar üçün şərtini açıqladı

Rusiya müharibəni bitirmək üçün danışıqlara başlamaq imkanından bəhs etməsi üçün əvvəlcə ən azı 30 günlük real atəşkəs təklifi ilə razılaşmalıdır.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Ukrayna istənilən formatda sülh danışıqlarına hazır olduğunu bir daha təsdiqləyir. Amma bunun üçün biz Rusiyanın təkcə populizm və ya 9 may paradı naminə qısamüddətli təbliğat atəşkəsi üçün yox, sülhə aparan çətin yola həqiqətən hazır olduğunu görməliyik”, - o vurğulayıb.

Sibiqanın fikrincə, Rusiya ən azı 30 günlük real atəşkəsə razılıq verərək, sülh danışıqlarına hazır olduğunu nümayiş etdirə bilər:

“Rusiya 60 və ya 90 günlük atəşkəsə hazırdırsa, biz də hazırıq”.

Xarici işlər naziri hesab edir ki, Rusiya nə real atəşkəsə, nə də sülhə hazırdır.

“Atəş dayandıqda danışıqlar başlaya bilər - sülh gətirən istənilən formatda”, - Andrey Sibiqa əlavə edib.