Fransanın paytaxtı Paris, eləcə də Lion, Nant, Ruan və Bordo daxil olmaqla bir sıra şəhərlərdə həmkarlar ittifaqları və “Sarı jiletlilər”in çağırışı ilə etiraz aksiyaları keçirilib.
Nümayişçilər bahalaşmaya etiraz edərək hökumətdən təhsil üçün daha çox vəsait ayrılmasını və uşaqların hər cür zorakılıqdan qorunmasını tələb ediblər. Etirazçılar, həmçinin Fransada təhlükəsizlik qüvvələrinin silahdan istifadəsinə dair qanun layihəsinin geri çəkilməsini istəyiblər.
Paris, Nant və Lionda nümayişçilərlə polis arasında gərginlik yaşanıb. Parisdə yerli vaxtla saat 13:00-da Respublika meydanında toplaşan aksiya iştirakçıları Fransanın dövlət himni “La Marseillaise”i səsləndiriblər. Daha sonra nümayişçilər Milli meydanına doğru yürüş ediblər.
Polis Parisdə yürüşün sonuna yaxın nümayişçilərə dəyənəklə müdaxilə edib. Milli meydanında isə polis əməkdaşlarına şüşə butulkalar və digər əşyalar atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Milli mətbuatın məlumatına görə, Lion, Nant, Ruan və Bordoda da polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Lionda bəzi zibil qutuları yandırılıb, polis və nümayişçilər arasında qarşıdurmalar yaşanıb. Ruanda da toqquşmalar qeydə alınıb. Bordoda nümayişçilər polisə müxtəlif əşyalar atıblar.

Nantda polis qadağaya baxmayaraq küçələrə çıxan nümayişçiləri dağıtmağa çalışıb və icazəsiz aksiya keçirmək ittihamı ilə 9 nəfər saxlanılıb.
Fransanın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı təhlükəsizliyin təmin olunması üçün 70 min polis və jandarm əməkdaşı səfərbər edilib.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalarda 106 min nəfər iştirak edib, 121 nəfər saxlanılıb. Həmkarlar ittifaqları isə nümayişlərə 200 min nəfərin qatıldığını açıqlayıb.