Qismət Rüstəmov: "Uzun müddətdir AYB-də gedən proseslərlə maraqlanmıram"
Sentyabr ayında Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının keçirilməsi gözlənilir. Qurultay AYB-nin yeni sədrinin kimliyini müəyyən edəcək. Qurumun hazırkı sədri, Xalq yazıçısı Anar Rzayevin öz namizədliyini irəli sürüb-sürməyəcəyi isə hələlik məlum deyil. Gənc yazarlar hesab edir ki, gəncliyə daha yaxın, problemlərini həll edə biləcək birinin olması daha məsləhətə uyğun olardı.
Yazar Qismət Rüstəmovun sözlərinə görə, Yazıçılar Birliyinin yeni sədrinin kim olmasının onun üçün heç bir əhəmiyyəti yoxdur:
“Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çoxdan çıxmışam. Təmsil olunmadığım bir Birliyin qurultayı haqqında danışmaq, gözləntilər irəli sürməyi düzgün hesab etmirəm. Qurultay AYB-nin daxili məsələsidir. Bu sualı AYB üzvü olan, hətta bir az da rəsmi statusu olan təmsilçilərdən soruşsanız daha yaxşı olar. Uzun müddətdir AYB-də gedən proseslərlə maraqlanmıram, nə AYB-dən, nə də onun qurultayından bir gözləntim var. Bu, AYB üzvlərinin məsələsidir və kimi özlərinə sədr kimi görürlərsə, ona da səs verib seçəcəklər. Uğurları bol olsun!”.