Bakı İdman Sarayında 4-cü Milli Kitab Sərgisi keşirilib. Sentyabrın 27 də start verilən sərgi, 1 oktyabr tarixində yekunlaşıb. Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri sənətkarları, fiziki məhdudiyyətli insanlar və yazıçılar olub.Həmçinin kitab sərgisində 2013-cü ildə “Daş yuxular” povestinin Moskvada nəşrindən sonra Azərbaycanda kitabları yandırılan, xalq yazıçısı adından məhum edilən Əkrəm Əylislidə iştirak edib. O, 9 il sonra, ilk dəfə oxucuları ilə görüşüb. Yazıçının buradakı iştirakı isə, cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kimi onu tənqid edib, kimi isə iştirakını normal qarşılayıb.
Məsələyə münasibət bildirən sərginin təşkilatçısı və “Qanun” Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a bildirib ki, sərgi heç bir yazıçının mövqeyini paylaşmır:
“Dünyanın hər bir yerində ədəbiyyat adamlarına birmənalı münasibət yoxdur. Yazıçı əsgər deyil ki?! Onun işi təhlil etmək və fikirlərini yazmaqdır. Cəmiyyətdəkilərin düşüncələri isə öz işləridir.Mən bir sərgi təşkil edərək unudulmuş, kənarlaşdırılmış insanları cəlb edir və onları yenidən foksa gətirirəm.
Məsələn, keçən sərgidə Əlisa Nicatı dəvət etmişdim. Hamı da mənə təşəkkür etdi ki, nə yaxşı Əlisa bəyi dəvət etmisən, biz onun dünyasını dəyişdiyini düşünürdük. Yaxud da açılış sözünü uzağ dağ kəndində yaşayan 80 yaşlı şair Əlisəfaya verdim. Yəni ki, sərgi yazıçının mövqeyini paylaşmır. Buradakı əsas məqsəd onları cəmiyyətə qaytararaq, ədəbi çevrəsini yenidən genişləndirməkdi”.