Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar maraqlı təşəbbüs irəli sürüb. Yazıçı bildirib ki, yaradıcılığa başladığı ilk dövrdən indiyədək barəsində yazılan mənfi və müsbət fikirləri toplayaraq kitab şəkilində çap etdirəcək. Onun sözlərinə görə, həmin fikirlərin yer alacağı “Zamanlarla üz-üzə” əsəri oxuculara yazıçıların hansı yollardan, çətinliklərdən keçdiyini də çatdıracaq.
Maraq doğuran addımı ilə diqqət çəkən yazıçı bu barədə“Sherg.az”a danışarkən bildirib ki, kitab dərc olunduqdan sonra oxucular onun nə demək istədiyini daha gözəl anlayacaqlar:
“İndidən geniş şərh vermək istəmirəm. Düşünürəm ki, mənə olunan tənqidlərdən, haqqımda yazılan mənfi fikirlərdən oxucularım da özləri üçün hansısa nəticə çıxara bilərlər. İndi onlara kitabın dərc olunmasını gözləmək qalır”.