Vaqif Sultanlının romanları Londonda nəşr edilib


Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu”(The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilmişdir. Tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr.Maykl Brannokun redaktəsi ilə yayınlanmış kitabBöyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunmuşdur.

Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu”romanlarımüəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunmuşdur.
Vaqif Sultanlının yeni kitabına  daxil edilmiş“İnsan dənizi” və “Ölüm yuxusu”romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə,insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.