Səhiyyə Nazirliyi və... - İki qurumun birləşdirilməsi təklif edilir 

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərmana əsasən Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlər Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Struktur dəyişiklikləri ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər var. Bir çox ekspertlər dövlət qurumlarının birləşdirilməsini müsbət qiymətləndirirlər. 
 
Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov Sherg.az-a deyib ki, Prezidentin bu addımı idarəetməni optimallaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir:



Sahib Məmmədov: "Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliyinin birləşdirilməsini də məqsədəuyğun hesab edirəm"


“Azərbaycan o qədər də böyük ölkə deyil. Bu səbəbdən düşünürəm ki, qurumların birləşdirilməsi  idarəetməni sürətləndirəcək. Doğrudur, hələ ki, əsasnamə olmadığına görə İqtisadiyyat Nazirliyinin gələcək fəaliyyəti, strukturu haqqında dəqiq bir söz demək olmur. Lakin istənilən halda dəyişikliklər müsbət istiqamətə olacaq.”

S.Məmmədov onu da əlavə edib ki, bir sıra qurumların birləşdirilməsinə dünya təcrübəsində də rast gəlinir:

“Rusiya kimi böyük bir ölkədə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliyi ayrı-ayrılıqda yox, birlikdə fəaliyyət göstərir. Məncə, bu təşəbbüs bizdə də olsa yaxşı olar. Ölkəmizdə Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliyinin birləşdirilməsini də məqsədəuyğun hesab edirəm”. 

Kənan Novruzov